"Xalqın həmin gün Şəhidlər Xiyabanına yolunun bağlanmasına səbəb turistlərin oraya ziyarəti idi" - Video

Noyabrın 19-da Səbail rayon məhkəməsində AXCP sədri Əli Kərimli və digər partiya mənsublarına qarşı İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittihamı üzrə proses keçirilib. Məhkəmə saxlanılan şəxslərin hər birini 400-500 manat cərimə, AXCP sədri Əli Kərimliyə isə 2500 manat cərimə cəzası verilməsi barədə qərar verib. İnzibati cərimə edilən şəxslər aşağıdakılardır:
1. Əli Kərimli- AXCP sədri, İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri – 2500 manat
2. Ramid Nağıyev- 513.2 AXCP təşkilat şöbəsi – 400 manat
3. Ruslan Əmirov-513.2 – 20 sutka
4. Tahir Həsənov- 513.2 Suraxanı şöbəsi – 400 manat
5. Cavid İbrahimli- 513.2 Xətai şöbəsi – 20 sutka
6. Sərdar Qubadsoy-513.2 Xətai şöbəsi – 400 manat
7. Ağababa Cəfərli-513.2 Masallı şöbəsi – 20 sutka
8. Əlixan Rəcəbov- 513.2 Masallı şöbəsi – 500 manat
9. Ramiz Cəfərov- 513.2, Xətai şöbəsi – 500 manat
10. Fatimə Mövlamlı - 513.2 bloger – 500 manat
11. Nurlan Libre-513.2 Kanal13 –ün əməkdaşı – 500 manat
Qeyd edək ki, noyabrın 17-si Milli Azadlıq Hərəkatının 30 illiyi münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və Milli Şuranın üzvlərinin qarşısı polislər tərəfindən alınıb. Belə ki, polislər üzvlərə mühüm dövlət tədbirinin keçirildiyini deyərək, xiyabana girişin yasaq olduğunu bildiriblər. Daha sonra ziyarətçiləri, eləcə də Əli Kərimli də daxil olmaqla 50 nəfər cəbhəçini zorla avtobusa dolduraraq Səbail rayon Polis İdarəsinə gətiriblər.
Günorta saat 15-dən axşam 22 radələrinə qədər idarənin həyətində saxlayıb izahatlar alındıqdan sonra saxlanılan Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və 10 cəbhəçidən başqa hamını hissə-hissə sərbəst buraxılıb. Növbəti saatlarda Cəmil Həsənlini, daha sonra isə AXCP-nin Nərimanov şöbəsinin üzvü Ruslan Qurbanlını İXM-nin 513.2-ci maddəsi ilə 1000 manat cərimə edilərək sərbəst buraxıblar.
Digər saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilmişdi.