"Siyasi məhbus" siyahıları yenilənəcək

Azərbaycanın iki hüquq müdafiə qurumu – Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup və Siyasi Məhbusları Müdafiə Mərkəzi siyahıları yeniləmək istiqamətində iş aparır.
 
Novator.az-ın məlumatına görə, hüquq müdafiəçisi İntiqam Əliyev, jurnalistlər Xədicə İsmayıl, Rövşən Hacıbəyli və başqalarının daxil olduğu Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup 120-dən çox şəxsi siyasi məhbus sayır. Siyahıya ictimai-siyasi və dini fəallar, jurnalist, yazar və bloqçular, keçmiş rəsmilər, insan haqları müdafiəçiləri, sosial etirazlara görə həbs edilmiş şəxslər, siyasətçilərin qohumları olan məhbuslar daxildir.
 
Hüquq müdafiəçiləri Leyla Yunus, Oqtay Gülalıyev, Elşən Həsənovun yaratdığı Siyasi Məhbusları Müdafiə Mərkəzi siyasi məhbus saydığı 150-yə yaxın şəxsi jurnalist və bloqçular, yazıçı və şairlər, hüquq müdafiəçiləri, müxalif partiya və hərəkatların üzvləri, gənc fəallar, keçmiş dövlət məmurları, inanclılar, ömürlük məhkumlar, keçmiş MTN-də cinayətlərin qurbanları, girovlar kimi qruplara bölüb.
 
Adı siyasi məhbus siyahılarında keçən şəxslər arasında jurnalistlər Seymur Həzi, Əfqan Muxtarlı, Nicat Əliyev, Araz Quliyev, bloqçular Mehman Hüseynov, Rəşad Ramazanov, şair Tofiq Həsənli, hüquq müdafiəçisi Əliabbas Rüstəmov, siyasətçilər Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Məmməd İbrahim, Əlikram Xurşidov, Mövsüm Səmədov, gənc fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, sabiq səhiyyə naziri Əli İnsanov, keçmiş prokurorluq işçisi Rüfət Səfərov, ilahiyyatçı Taleh Bağırov da var.
 
Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.