Bloger vaxtından əvvəl həbsdən azad edilməsi üçün məhkəməyə müraciət edib

Həbsdəki bloger Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması barədə ərizə ilə məhkəməyə müraciət edib.

Vəkil Şəhla Hümbətova bildirib ki, müraciət blogerin cəzasının yarısını çəkməsi ilə əsaslandırılıb. Müraciət avqustun 10-da Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.

Vəkilin sözlərinə görə, məhkəmə bu tip müraciətlərə on gün ərzində baxır.

Mehman Hüseynov anası Firəngiz Hüseynovanın vəfat etməsi ilə əlaqədar ötən həftə qısa müddətə evə buraxılmışdı.

Xatırladaq ki, 9 yanvar 2017-ci il tarixində saat 19:30- radələrində jurnalist, blogger Mehman Hüseynov oğurlanaraq naməlum istiqamətə aparılmış və ondan heç bir xəbər alınmamışdı. Daha sonra jurnalistin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparıldığı və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilindiyi məlum olmuşdu. 10 yanvar 2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsi bloggerin 200 manat cərimə cəzasına məhkum edərək onu azadlığa buraxmışdı. Həmin vaxt orada mediaya açıqlama verən jurnalist işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verərək Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. 3 mart 2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsi Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 15 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. 25 iyun 2018-ci ildə Ali Məhkəmə apellyasiya qərarından verilən kassasiya şikayətini təmin etməyib.

Amerikaninsesi