Kolumbiyada partlayışda 14 nəfər həlak olub, onlarla yaralı var

Kolumbiyanın cənub-qərbində yerləşən Kauka əyalətində ağır terror hadisəsi baş verib. Cajibio yaxınlığında Pan-Amerika magistralında yerləşdirilən partlayıcı qurğu avtomobillərin keçidi zamanı işə salınıb.

Hadisə nəticəsində 14 nəfər həyatını itirib, 38 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Rəsmilər bildiriblər ki, partlayışdan dərhal sonra əraziyə çoxsaylı təhlükəsizlik qüvvələri göndərilib. Yaralılar yaxın xəstəxanalara çatdırılıb və onların müalicəsi davam edir.

Kolumbiya prezidenti Gustavo Petro hücuma görə Estado Mayor Central (EMC) təşkilatının lideri Ivan Mordisconi məsul tutub.

Petro təhlükəsizlik qüvvələrinə əməliyyatların genişləndirilməsi barədə göstəriş verib.

Prezident hücumu törədənləri “terrorçu, faşist və narkotik qaçaqmalçıları” kimi xarakterizə edərək, bu qruplaşmaya qarşı beynəlxalq səviyyədə tədbirlərin gücləndirilməsini tələb edib.

Kauka bölgəsi uzun müddətdir silahlı qruplaşmaların aktiv olduğu ərazilərdən biri hesab olunur. Bu cür hücumlar regionda təhlükəsizlik vəziyyətinin hələ də sabit olmadığını göstərir.

Kolumbiyada baş verən bu qanlı hadisə ölkədə terror təhlükəsinin davam etdiyini bir daha nümayiş etdirir. Rəsmi qurumlar hücumun arxasında duran qüvvələrin müəyyən edilməsi və zərərsizləşdirilməsi üçün əməliyyatları davam etdirir.