Məhkəmə xural.com saytını bloklayıb

Bu gün Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin xural.com saytının bloklanması haqda müraciətinə baxılıb.

Mərkəz saytda dərc edilən yazılarda "Kibertəhlükəsizlik haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunların pozulduğunu bildirib.

Əsasən söhbət Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd, Sabunçu xəstəxanasında xəstələrin ölümü, baş nazirin müavini Əli Həsənovun nəvəsinin vaxtından əvvəl azadlığa buraxılması, bloger Mehman Hüseynova ölüm ayağında olan anası ilə görüşə icazə verilməməsi ilə bağlı 4 yazıdan gedir.

Saytın redaktoru Əvəz Zeynallı deyib ki, sözügedən materialların saytdan çıxarılması barədə Elektron Təhlükəsizlik Mərkəzindən tələb daxil olmayıb. Məhkəməyə müraciət barədə bu gün səhər məhkəmədən edilən telefon zəngindən sonra xəbər tutub.

Redaksiya digər informasiya resurslarının, əsasən Turan İnformasiya Agentliyinin məhsulu olan üç yazını saytdan çıxarıb. Əli Həsənovun nəvəsinin barəsində yazı ilə bağlı isə özünün haqlı olduğuna təkid edir.

Redaksiyanın vəkili Zibeydə Sadıqova deyib ki, redaksiyaya qarşı irəli sürülən iddialar Elektron Təhlükəsizlik Mərkəzinin səlahiyyət predmeti deyil və diffamasiya sahəsinə aiddir.

Böhtan və təhqir məsələləri ilə bağlı iddiaçı qismində fərdi şəxslər çıxış etməlidirlər və iddialara diffamasiyaya dair məhkəmə iclaslarında baxılmalıdır.

Vəkil linqvistika ekspertizası və xural.com saytının qanunu pozduğunu hesab edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nümayəndələrinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Ancaq məhkəmə vəsatətləri təmin etməyərək xural.com saytının bloklanması barədə qərar qəbul edib. 

Turan