Hüquqşünasın həbsini tələb edən iş adamı ilə bağlı prokurorluğa sorğu göndəriləcək

''Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onun bu borcu etiraf etməsi haqda yazılı izahatı olub''

Hüquqşünas Aslan İsmayılov deyir ki, onu məhkəməyə verib, həbsini tələb edən "Xəmsə" şadlıq sarayının keçmiş sahibi Mürvət Həsənovun özü haqqında dələduzluğa görə hüquq-mühafizə orqanlarında araşdırma aparılıb. Hüquqşünasın sözlərinə görə, o, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bir gün, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində isə üç gün saxlanılıb, izahatları alınıb. A.İsmayılov iş adamının ona qarşı iddiası üzrə mayın 31-də keçirilən məhkəmədə M.Həsənov barədə materialların adıçəkilən hüquq-mühafizə orqanlarından tələb olunub alınması haqda vəsatət qaldırıb.

Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev vəsatəti təmin edib. Hər iki idarəyə M.Həsənov haqqında sorğu göndərilməsi haqda qərar qəbul edilib.

M.Həsənov A.İsmayılovun CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılıb həbs olunmasını istəyir. Onun iddiasına görə, hüquqşünas "Facebook" sosial şəbəkəsində onu "dələduz" adlandırıb və bununla da ağır cinayətdə ittiham etməklə böhtan atıb.

M.Həsənli ilə "Emre Piliç – Qida Sənaye və Ticarət Limited” şirkətinin rəhbəri Ömür Oral arasında qalmaqal var. Türk biznesmenin də vəkili A.İsmayılovdur. Hüquqşünasın sözlərinə görə, M.Həsənlinin onun müvəkkilinə 1,3 milyon borcu var, hüquq-mühafizə orqanlarında da bu səbəbdən saxlanılıb:

"Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onun bu borcu etiraf etməsi haqda yazılı izahatı olub. 50 min qaytarıb və yazılı vəd verib ki, qalanını da bir həftə ərzində qaytaracaq. İndi isə deyir ki, ona borcum yoxdur, olmayıb. Bəs onda 50 mini niyə verirdin? O izahatlar nə idi?"

Məhkəmədə iddiaçı tərəf A.İsmayılovun ünvanına xoşagəlməz ifadələr səsləndirdiyinə görə hakim M.Həsənova xəbərdarlıq edib.

Məhkəmə prosesi iyunun 14-də davam edəcək.

meydan.tv