Samir Babayev Azan oxuduğu üçün karserə salınıb

Samir Babayev hələ də karserdədir. Sonuncu dəfə yanvarın 17-də ailəsi ilə əlaqə saxladıqdan sonra Samirin telefon zəngləri qəfil kəsilib. Umbakı Penitensiar Müəssisə ilə ailə əlaqə saxlamağa çalışsa da onlar bu günə qədər dəqiq bir məlumat əldə edə bilməyiblər.
Nəhayət, fevralın 5-də məsələ ilə bağlı cəzaçəkmə müəssisəsinə gələn ailəsini həbsxana rəhbərliyi qəbul edib. Həyat yoldaşına, Samirin daxili qaydaları pozduğunu bildirən rəhbərlik bunun üçün ona 20 gün cəza karseri kəsildiyini bildirib.
Ardınca xanım həyat yoldaşı ilə görüşüb. Samir Babayev xanımına bildirib ki, onun cəzalanmasına səbəb həbsxana otağının qapısına yaxın ərazidə ucadan Azan oxuması səbəb olub.
“Mən namaz saatlarında Azan oxuyuram. Qaydaya da müvafiq olaraq uca səslə Azanı səsləndirirəm ki, namaz qılmaq vaxtının yetişdiyini hər kəs anlasın. Nadzorlar (müəssisə işçiləri) mənə bildirdilər ki, ucadan Azan oxumayım, bu onları narahat edir. Öz növbəmdə mən də bildirdim ki, müsəlman olan şəxsi Azanın səsi narahat edə bilməz. Bu sətirlər də onlara xoş gəlmədi.”
Ailəsinin bildirdiyinə görə Samir Babayev hələ də karserdədir və fevralın 6-da 20 günlük karser müddəti bitməlidir.
Xatırladaq ki, 2022-ci ilin 2 dekabrında saxlanılan MBH fəalı Samir Babayev barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. 2023-cü il oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi S. Babayevi bu ittihamla müqəssir bilərək onu 4 il müddətinə azadlıqdan mərhum etmişdi. 2024-cü il yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Samir Babayevin şikayətinə baxaraq onun cəzasından 1 ilini azaldaraq cəzanı 4 ildən 3 ilə endirmişdi.
2024-cü ilin 13 yanvarında 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülən siyasi məhbus burada özbaşınalıqlara etiraz səbəbindən qısa müddət sonra o, məhkəmə önünə çıxarılır və 1 il müddətinə ciddi qapalı rejimli həbs cəzasına məhkum edilərək Umbakıya köçürülür.