Azərbaycan Ukraynaya 1 milyon ABŞ dolları ayırıb

Azərbaycan Ukraynaya humanitar yardım məqsədilə 1 milyon ABŞ dolları vəsait ayırıb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, həmin məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılmalıdır.

Azərbaycan bundan əvvəl də Ukraynaya bir neçə dəfə humanitar yardımlar edib.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Doqquz il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla belə, Ukraynaya humanitar yardım göstərdiyini və onun ərazi bütövlüyünü tanıdığını açıqlayıb.

Başqa tərəfdən, 2022-ci il fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Bu sənəddə iki ölkə arasında siyasi, iqtisadi və daha bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsindən bəhs olunur.