Ayətullah Xameneidən amerikalı tələbələrə: Siz tarixin doğru tərəfində dayanmısınız!

İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei Amerika universitetlərində Fələstin xalqına dəstək verən vicdanlı tələbələrə ünvanladığı məktubda, bu tələbələrin anti-sionist etirazlarına rəğbət və həmrəylik ifadə edərək, onları müqavimət cəbhəsinin bir hissəsi adlandırıb və Qərbi Asiyanın həssas regionunun vəziyyət və taleyinin dəyişməkdə olduğunu vurğulayıb.

İran İslam İnqilabının Ali Rəhbərinin məktubunun mətni belədir:

 

Bismillahir-Rəhmanir-Rəhim

Bu məktubu oyaq vicdanı onları Qəzzənin məzlum uşaq və qadınlarını müdafiə etməyə sövq edən gənclərə yazıram.

Amerika Birləşmiş Ştatlarındakı əziz gənc tələbələr! Bu, bizim sizə rəğbət və həmrəylik mesajımızdır. Siz indi dəyişməkdə olan tarixin doğru tərəfində dayanmısınız.

Siz indi müqavimət cəbhəsinin bir hissəsisiniz, qəsbkar və qəddar sionist rejimi açıq şəkildə müdafiə edən hökumətinizin amansız təzyiqi altında şərəfli bir mübarizəyə başlamısınız.

Böyük müqavimət cəbhəsi uzaq bir yerdə illərdir sizin indiki idrak və hisslərinizlə mübarizə aparır. Bu mübarizənin məqsədi “sionistlər” adlı terrorçu və amansız bir şəbəkənin illər öncə Fələstin xalqına vurduğu və ölkələrini işğal etdikdən sonra ən ağır təzyiq və işgəncələrə məruz qoyduğu aşkar zülmün qarşısını almaqdır. Sionist aparteid rejiminin bugünkü soyqırımı ötən onilliklərin son dərəcə qəddar davranışının davamıdır.

Fələstin müsəlman, xristian və yəhudilərdən ibarət xalqı olan və uzun tarixə malik müstəqil bir ölkədir. Dünya Müharibəsindən sonra sionist şəbəkə kapitalistləri İngiltərə hökumətinin köməyi ilə tədricən bir neçə min terrorçunu bu torpaqlara gətirdilər, onun şəhər və kəndlərinə hücum etdilər, on minlərlə insanı öldürdülər və ya qonşu ölkələrə qovdular, evləri, bazarları, təsərrüfatları onların əllərindən aldılar, qəsb edilmiş Fələstin torpağında İsrail adlı hökumət qurdular.

İngiltərənin ilk köməklərindən sonra bu qəsbkar rejimin ən böyük dəstəkçisi ABŞ hökumətidir ki, həmin rejimə siyasi, iqtisadi və silah dəstəyini davam etdirib, hətta bağışlanmaz ehtiyatsızlığı ilə ona nüvə silahı istehsal etmək yolunu açıb və bu yolda ona kömək etmişdir.

Sionist rejim ilk gündən müdafiəsiz Fələstin xalqına qarşı “dəmir yumruq” siyasətindən istifadə etdi, bütün vicdanlı, insani və dini dəyərləri heçə sayaraq, zülmü, terroru, repressiyanı günü-gündən artırdı.

ABŞ hökuməti və tərəfdaşları bu dövlət terrorizminə və davamlı zülmə qarşı qaşqabaq belə göstərmədilər. Bu gün də ABŞ hökumətinin Qəzzədə baş verən dəhşətli cinayətlə bağlı bəzi bəyanatları reallıqdan çox ikiüzlüdür.

Bu qaranlıq və məyusedici atmosferin daxilindən “Müqavimət Cəbhəsi” yarandı və İranda “İslam Respublikası” hökumətinin qurulması onu genişləndirdi və gücləndirdi.

Beynəlxalq sionizmin liderləri –Amerika və Avropadakı əksər media şirkətləri onlara məxsusdur və ya pullarının, rüşvətlərinin təsiri altındadırlar – bu humanist və cəsur müqaviməti terror kimi təqdim etdilər! Özünə məxsus torpaqda sionist işğalçıların cinayətlərinə qarşı özünü müdafiə edən xalq terrorçudurmu? Bu xalqa humanitar yardım etmək, onun qollarını qüvvətləndirmək terrorizmə kömək sayılırmı?

Qlobal zorakı hökmranlığın liderləri insan anlayışlarına belə rəhm etmirlər. Qəddar və terrorçu İsrail rejiminin özünü müdafiə etdiyi görüntüsü yaratmağa cəhd edirlər, öz azadlığını, təhlükəsizliyini və müqəddəratını təyinetmə hüququnu müdafiə edən Fələstin müqavimətini “terrorçu” adlandırırlar!

Sizi əmin etmək istəyirəm ki, bu gün vəziyyət dəyişməkdədir. Qərbi Asiyanın həssas regionunu ayrı bir tale gözləyir. Qlobal miqyasda bir çox vicdanlar oyanıb və həqiqətlər üzə çıxır. Müqavimət cəbhəsi də güclənib və daha da güclənəcək. Tarix də dəyişməkdədir.

ABŞ-ın onlarla universitetinin tələbələri olan sizdən başqa, digər ölkələrin universitetləri və insanlar da ayağa qalxıb. Universitet müəllimlərinin siz tələbələri müşayiət etməsi və dəstək verməsi mühüm və təsirli bir hadisədir. Bu, hökumətin polis hərəkətinin şiddəti və sizə qarşı təzyiqləri qarşısında bir qədər təsəlliverici ola bilər.

Mən də siz gənclərə rəğbət bəsləyirəm və mövqeyinizə hörmətlə yanaşıram.

Quranın biz müsəlmanlara və bütün dünya əhlinə verdiyi dərs haqq yolunda dayanmaqdır: “Əmr olunduğunuz kimi doğru yolda olun”; Quranın insan münasibətləri haqqında dərsi belədir: “Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar”. Müqavimət cəbhəsi bu və yüzlərlə buna bənzər göstərişləri öyrənib onlara əməl etməklə irəliləyir və qələbə qazanacaq, Allahın izni ilə.

Quranla tanış olmağınızı tövsiyə edirəm.

Seyid Əli Xamenei

05-03-1403 (25-05-2024)

 

 

 

Az.rasthaber.com