Tbilisidə jurnalist Əfqan Sadıqova azadlıq tələbi ilə aksiya keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı jurnalist Əfqan Sadıqovun azad edilməsi tələbi ilə aksiya keçirilib.

Əfqan Sadıqovun xanımı Sevinc Sadıqovanın verdiyi məlumata görə, Gürcüstan Hökumət evinin qarşısında keçirilən aksiyaya yerli müstəqil jurnalistlər və fəallar dəstək verib. Aksiya iştirakçıları avqustun 3-də saxlanılan jurnalistin Azərbaycana ektradisiya edilməməsinə və sərbəst buraxılmasına çağırıb.

Azel TV saytının rəhbəri Əfqan Sadıqov barəsində avqusutun 4-də Tbilisi Şəhər Məhkəməsi tərəfindən ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Ekstradisiya edilərsə, Azərbaycan hökuməti təkcə Əfqan Sadıqovu deyil, bütün ailəsini məhv etmiş olacaq. Gürcüstan dövləti də [Azərbaycan prezidenti İlham] Əliyevin diqtəsi ilə işləyərək bu sifarişi icra etmiş olacaq”, Sevinc Sadıqova deyib.

Azərbaycanda 300-dən artıq siyasi məhbusun olduğunu qeyd edən Sevinc Sadıqova, həyat yoldaşı Əfqan Sadıqova və əsassız yerə həbs edilən bütün jurnalistlərə və fəallara azadlıq tələb etdiyini vurğulayıb.

Daha əvvəl Azərbaycanda məhkumluq həyatı yaşayan Əfqan Sadıqov ötən ilin dekabrında Gürcüstana köçüb. O, Gürcüstana müalicə üçün getdiyini, daha sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Jurnalist Gürcüstanı tərk etmək istəyərkən iyulun 17-də Tbilisi aeroportunda saxlanılıb, onun üçüncü ölkəyə çıxışına icazə verilməyib.

Gürcüstanda da təhdidlərə məruz qaldığını bildirən Sadıqov bu səbəbdən digər bir ölkəyə üz tutmaq istədiyini, Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyətinin verdiyini qeyd edib.

“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və videolarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm, tənqidi yazılarıma görə məni də digər juranlistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam”, Sadıqov həbsindən əvvəl Amerikanın Səsinə deyib.

Avqustun 3-də saxlanılan Əfqan Sadıqov barəsində növbəti gün Tbilisi Şəhər Məhkəməsi tərəfindən ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı üzrə cinayət işi qaldırıldığı bildirilib.

Avqustun 15-də Tbilisi Apellyasiya Məhkəməsi Sadıqov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayəti təmin etməyib.

Sadıqov daha əvvəl 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbsxanada olarkən 242 gün aclıq aksiyası keçirən Sadıqovu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanıyıb.

 

Amerikanın Səsi