İŞİD-in məsuliyyəti öz üzərinə götürdüyü hücumda 14 şiə ölüb

Əfqanıstanda Taliban rəsmiləri cümə günü silahlı şəxslərin mərkəzi vilayətdə gecə saatlarında həyata keçirdiyi hücum zamanı azı 14 şiə müsəlmanı öldürdüklərini və daha 6 nəfəri yaraladıqlarını təsdiqləyib. Ölümcül atışmaya görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) qrupunun yerli qolu öz üzərinə götürüb.

Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid Daykundi vilayətində Əfqanıstanın mülki əhalisinə qarşı “vəhşi hərəkət” kimi qiymətləndirdiyi hadisə zamanı ölənlərin olduğunu təsdiqləyib.

Mücahid əvvəllər Twitter kimi tanınan X sosial media platformasında "Hadisənin qurbanlarına dərin hüznlə başsağlığı verməklə yanaşı, günahkarların ələ keçirilməsi və məsuliyyətə cəlb edilməsi üçün ciddi səylər göstəririk" deyib.

Onun bəyanatı yerli medianın bölgə sakinlərinə və mənbələrə istinadən zorakılığın azı 14 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələndiyini təsdiqləməsindən bir neçə saat sonra verilib.

İŞİD qruplaşması özünün Amaq xəbər agentliyi vasitəsilə atışmanın arxasında Əfqanıstandakı "İŞİD-K" qolu kimi tanınan İslam Dövləti Xorasan qrupunun "əsgərlərinin" dayandığını bildirib. Məlumatda "15 şiə öldürülüb, 6-sı isə yaralanıb" deyə, iddia edilib.

Daykundi sakinlərinin bildirdiyinə görə, qurbanlar şiələrin müqəddəs Kərbəladan qayıdan zəvvarları qarşılamaq üçün toplaşmışdı.

Əfqanıstanda nəzarəti üç il əvvəl bərpa edən Taliban deyib ki, o vaxtdan bəri onların anti-terror əməliyyatları ölkədə "İŞİD-K"-nı "az qala məhv edib". Buna baxmayaraq, ABŞ rəsmiləri və Birləşmiş Millətlər Təşkilatının son hesabatları "İŞİD-K"-nı region və onun hüdudlarından kənarda artan terror təhlükəsi kimi tanıyaraq bu iddiaları rədd edib.

Bu ayın əvvəlində "İŞİD-K" Əfqanıstanın paytaxtında 6 nəfərin ölümünə səbəb olan intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürüb. May ayında qruplaşma mərkəzi Bamiyan vilayətində silahlı şəxslərin 3 ispan turistin və onların yerli tərcüməçisinin ölümünə səbəb olan hücuma görə də məsuliyyəti öz üzərinə götürüb. Mart ayında isə "İŞİD-K" Moskvanın konsert salonuna 145 rusiyalının ölümü ilə nəticələnən hücumun arxasında olduğunu iddia edib.

 

 

AmerikanınSəsi