AXCP sədri Əli Kərimli təqsirləndirilən şəxs qismində tanınıb

Sentyabrın 12-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin növbəti məhkəmə prosesi keçirilib. Partiyadan xaric edilmiş AXCP Nəzarət Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin ona qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia icraata götürülüb, bununla da Kərimli təqsirləndirilən şəxs kimi tanınıb. İddiaçı məhkəmədən Əli Kərimlinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Aydın Əliyev iddia edir ki, Əli Kərimli müxtəlif internet kanallarında, AXCP Ali Məclisinin toplantısında onun etibarını itirdiyini, hökumətpərəst siyasətinə görə partiyadan xaric edildiyini, daha sonra hakimiyyətin məhkəmələrin əli ilə onu zorla partiyaya bərpa etdirdiyini deyib. Partiya sədri isə qeyd edib ki, əksinə, Aydın Əliyev onu təhqir edib, lakin ondan şikayət verməyi düşünmür.

Əli Kərimli qərarla bağlı deyib ki, məhkəmə heç bir əsas və cinayət hadisəsi olmadan "qondarma" şikayəti icraata götürüb.

"Azərbaycanda növbəti dəfə hüquq ayaqlar altına salındı, növbəti dəfə tapdalandı. Mən hələ çox keçmişə getmək istəmirəm, mənə qarşı təzyiqlər uzun illərdir ki, davam edir. 2013-cü ildən başlayaraq istintaq zamanı 8 nəfərdən işgəncə yolu ilə mənə qarşı saxta ifadə almağa cəhdlər olub. Uzun illərdir ki, Azərbaycan hakimiyyətinin hədəfindəyəm. Belə görünür ki, İlham Əliyev ölkədəki repressiyaları zirvəyə qaldırmaq və müxalifəti tam olaraq sıradan çıxarmaq fikrində qərarlıdır" - deyə, partiya sədri qeyd edib.

AXCP bəyanatında bildirib ki, Aydın Əliyevin şikayətləri əsasında Nəsimi Rayon Məhkəməsi AXCP-nin axırıncı qurultayının qərarlarını (o cümlədən Əli Kərimlinin AXCP sədri seçilməsi haqda qərarı) ləğv edib.

"Bakı Apellyasiya Məhkəməsi partiyanın fəaliyyətinin dayandırılması barədə iddiaya baxmağa başlayıb. Hakimiyyət buna qədər də Əli Kərimliyə qarşı dəfələrlə cinayət işi başladıb. Bir neçə dəfə məhkəmələrdəki ifadələrlə təsdiq olunub ki, həbs edilmiş müxtəlif şəxslərdən işgəncə yolu ilə Əli Kərimlinin əleyhinə saxta ifadə almaq istəyiblər. Əli Kərimli dəfələrlə rejimin fiziki zorakılığına məruz qalıb (ən ağırı 19 oktyabr 2019-cu ildə razılaşdırılmamış yürüş-mitinq zamanı olub), onun 18 ildir vətəndaşlıq pasportu verilmir, 4 ildir internet və mobil telefon xidmətindən istifadəsi məhdudlaşdırılıb, özü daimi təqib və izləmə altındadır"- deyə, bəyanatda qeyd edilir.

AXCP sədri Əli Kərimli ilə bağlı məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən Aydın Əliyev Amerikanın Səsinə iddiasını təsdiq edib.

O bildirib ki, AXCP sədri bilə-bilə müxtəlif internet televiziya kanallarında və nəşrlərdə ona böhtan atıb. Aydın Əliyev müxtəlif zamanlarda iddia edib ki, "Əli Kərimli sözdə demokratiya uğrunda mübarizə apardığını desə də, əslində partiya daxilində sərt diktatura rejimi yaradıb".

Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb.

Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

AXCP özünə qarşı bu repressiv addımları qətiyyətlə pisləyir və hakimiyyətdən başlatdığı "absurd məhkəmə təqiblərini" dərhal dayandırmağı tələb edir.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.

 

AmerikanınSəsi