Eldar Əzizov "Xutor"un sökülməsindən və "Sovetski"dən danışdı

"Bu günlərdə Bakının "Xutor" kimi tanınan ərazisində evlərin kütləvi şəkildə sökülməsi nəzərdə tutulmayıb".
 
"Report"a istinadən xəbər verilir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
 
"Düzdür, Bakıda böyük nailiyyətlər var. Hər şəhərdə olduğu kimi, problemlər də mövcuddur. Məsələlərə ardıcıllıqla baxılır və ardıcıllıqla da məlumat veriləcək", - deyə o qeyd edib. 
 
Bakı meri "Sovetski" ilə bağlı da danışıb: "Bildiyiniz kimi, Bakının "Sovetski" kimi tanınan ərazisi ilə bağlı xüsusi plan hazırlanır". 
 
Onun sözlərinə görə, hazırda mütəxəssislər işləyir, maraqlı təkliflər hazırlanır, yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. 
 
Eldar Əzizov Atatürk parkında yenidənqurma işinin dayandırılmasının səbəbini açıqlayıb. Obildirib ki, dövlət başçısının tapşırığı ilə parkda yenidənqurma işi başlayıb: "İş zamanı parkın ortasından boru keçdiyi və həmin yerdə sızma olduğu məlum oldu. "Azərsu" tərəfindən problem həll edildikdən sonra işlər davam etdiriləcək".
 
Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması ilə bağlı danışan icra başçısı bildirib ki, hazırda mütəxəssislər, memarlar bununla bağlı təkliflər hazırlayır: "Bakıda görkəmli ziyalılarmıza heykəl qoyulması ilə bağlı dövlət başçısının tapşırığı var. Proses başlayıb. Bunlardan biri də Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasıdır. Hazırda memarlar təkliflərini hazırlayır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".