Hacıbala Abutalıbov istintaqa cəlb oluna bilər

Bakı Şəhər İcra Hakimiyyətinə  başçının müavini təyin olunan Eldar Əzizov fəaliyyətinə paytaxt ərazisində söküntülərlə başlayıb. Belə ki, icra hakimiyyəti Bakının yol kənarlarında, keçidlərdə, səkilərdə qeyri-qanuni tikilmiş və sakinlərin gediş-gəlişinə mane olan obyektlərin siyahısını hazırlayır. Tezliklə həmin obyektlərin söküntüsünə başlanacaq. Bildirilir ki, bu obyektlər qeyri-qanunidir və tikintini aparan sahibkarlar, Bakı Şəhər İcra Hakimiyyətindən və yaxud da yerli icra orqanlarından müvafiq icazəni almayıb, onlara bu barədə məlumat verməyiblər. Həmçinin qeyd olunur ki, bu obyektlərin heç bir sənədləri yerində deyil, ona görə də sökülməlidir.
 
Artıq Bakının bəzi yerlərində neçə obyekt sökülüb, tikintiyə yeni başlayanların isə qoyduqları bünövrə dağıdılıb.  Öyrəndik ki, söküntü dalğası ilk olaraq Xətai rayonunu “vurub”. Belə ki, burada ötən günlər ərzində 7 obyekt sökülüb. Bu obyektlərin sökülməsinə əsas kimi bildirilib ki, tikililər gediş-gəlişə mane olublar. Ona görə də sökülməsi uyğun bilinib. “Ukrayna” dairəsinin yaxınlığında isə maraqlı hadisə baş verib. Belə ki, əvvəlcə sahibkara tikinti üçün icazə verilib, sahibkar obyektinin bünövrəsini qazıb, işlərə başlayıb. Obyektin divarlarını qaldıran zaman isə icra hakimiyyətinin nümayəndələri gəlib, tikilini qanunsuz hesab edib, bünövrəni dağıdıblar. Hazırda da ərazi qazılmış, dağılmış vəziyyətdədir.
 
Bundan əlavə, metronun “Əhmədli” stansiyasının yaxınlığında da bir neçə hasara alınmış yer var ki, orada da tikililərə sonradan icazə verilməyib və sahibkarın qaldırdığı divarlar sökülüb.
 
Məlumat üçün onu da qeyd edək ki, söküntü aparılan ərazilərdə xeyli sayda obyekt var. Həmin obyektlərin sahibləri ilə söhbətimiz zamanı onlar bildirdilər ki, icra hakimiyyəti bu tikililəri, obyektləri qanunsuz adlandıra bilməz:
 
“Çünki burada daşı-daş üstünə qoyduğumuz zaman icra hakimiyyətinin nümayəndələri, eləcə də MİS-in əməkdaşları, hətta digər qurumların nümayəndələri də bir-bir gəlib, nə tikilməsi ilə maraqlanırlar. Buradakı obyektlərin hamısının da müvafiq sərəncamı var. Heç bir obyekt sərəncamsız tikilə bilməz”.
 
Obyekt sahibləri bildirdilər ki, hər ay bütün müvafiq qurumlardan nümayəndələr gəlib yoxlama aparırlar. Onlar arasında Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də olur. Lakin indiyə qədər obyektin qeyri-qanuni olması ilə bağlı onlara kimsə nə isə deməyib. Maraqlı hal da budur ki, yeni obyektlərin tikintisinə verilən icazəni ləğv etməklə bərabər, köhnə obyektləri də sökürlər. Qeyri-qanuni adlandırdıqları üçün də sahibkarlara heç bir kompensasiya ödənilmir.
Bakıda səkilər söküntü BŞİH ile ilgili görsel sonucu
Ötən sayımızda da yazmışdıq ki, Bakı Şəhər İcra Hakimiyyətində sərəncam qalmaqalı yaşanır. Belə ki, rəsmi məlumatlara görə, sahibkar BŞİH-in saxtalaşdırılmış sərəncamı əsasında obyekt tikmək istəyib. Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi də başlanıb...
 
Aprelin 21-nə qədər BŞİH-in başçısı Hacıbala Abutalıbov olub. Sahibkarlar bildirirlər ki, verilən sərəncamlarda birbaşa Abutalıbovun da imzası olub. Əgər belədirsə, o zaman H.Abutalıbovu da məsuliyyət gözləyirmi? Yəni Bakıda səkiləri tutan bu qədər obyektlərin, çayxanaların hamısı özbaşına, qanunsuzmu tikilib?
 
Hüquqşünaslar bildirirlər ki, bu kimi araşdırmaların sonunda Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri də cinayət məsuliyyətinə cəlb edilə bilər...
Natiq Cəfərli ile ilgili görsel sonucu
İqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələlərdə hüquqi kazus yaranır:
 
“Sərəncamı hər hansı bir şəxs vermir. O, bunu dövlət adına verir və tutduğu vəzifənin ona verdiyi səlahiyyətlər çərçivəsində bunu edir. Həmçinin sərəncamın arxasında dayanan da şəxslər deyil, dövlətin qayda-qanunlarıdır. Qeyri-qanuni sərəncam anlayışı isə ancaq məhkəmə yolu ilə müəyyənləşdirilə bilər. Məhkəmə belə bir qərar verə bilər ki, Azərbaycan Respublikasının Konstitusiyasına və yaxud da hansısa qanunverici aktlarına uyğun olmayan sərəncam verilib. Həmin sərəncamı verən şəxs də dərhal məsuliyyətə cəlb olunmalıdır.
Bakıda səkilər söküntü BŞİH ile ilgili görsel sonucu
Azərbaycanda icra hakimiyyəti orqanlarında çox qəribə bir tendensiya var. İstər bölgələrdə, istərsə də Bakıda yeni təyin olunmuş icra başçısı özündən öncəki sərəncamları qeyri-qanuni elan edir. Bu cür halların dəfələrlə şahidi olmuşuq və oluruq. Regionlarda da bu, tez-tez baş verir. Hansısa rayona icra başçısı təyin olunan kimi həmin şəxs özündən əvvəlki icra başçısının sərəncamlarını qeyri-qanuni sayır. Bu, tamamilə dövlətçilik ənənələrinin kökündən çeynənməsi deməkdir. Çünki o sərəncama vurulan möhür dövlətindir, şəxsin deyil. Bakı şəhərində son zamanlar baş verən söküntülər isə heç bir məhkəmə qərarı olmadan aparılır. Məhkəmədə sübut olunmayıb ki, bu, qeyri-qanuni tikilidir və hər hansı bir formada şəhər infrastrukturuna ziyan vurur.
Hacıbala ile ilgili görsel sonucu
Belə olmadığı halda söküntü işlərini necə apara bilərlər? Məhkəmə qərarı olarsa, belə söküntülər yalnız kompensasiyanın ödənilməsi ilə həyata keçirilə bilər. Nə kompensasiyalar normal şəkildə ödənilir, nə də sahibkarın qoyduğu vəsait nəzərə alınmır. Bu da ümumi biznes mühitinə də çox mənfi təsir göstərir. İstər daxili, istərsə də xarici investor anlayır ki, qoyduqları vəsaiti sabah belə əməllərlə sıfıra salına, obyektlərini sökə bilərlər. Məhkəmə qərarı olmadan hansısa obyektlərin sökülməsi, qeyri-qanuni adlandırılması tamamilə məntiqsiz yanaşmadır”.
 
N.Cəfərli də bildirib ki, bu proseslərdə məntiqlə BŞİH-in keçmiş rəhbərliyi məsuliyyətə cəlb oluna bilər: “İzahat yoxdursa, bu, həm hüquqi, həm də siyasi məsuliyyət yaradır”.
musavat.com