Yanvarın 16-dan aclıq edən jurnalist Nurlan Librenin vəziyyətinin ağır olduğu deyilir

Yanvarın 16-dan aclıq edən “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının (Libre) vəziyyətinin ağır olduğu deyilir.
Bu barədə jurnalistin yoldaşı Əsli Əlizadə sosial mediada məlumat yayıb.
O bildirib ki, Nurlan Libre hərəkət etməkdə, danışmaqda çətinlik çəkir.
“Bu gün Nurlanla görüşdüm. 7 gündür ki, aclıq aksiyası edir. Gözlərinin altı çöküb. Güclə hərəkət edirdi, çətinliklə danışırdı.Dodaqları çatlayıb, axşamlar bədənindəki ağrılardan yata bilmədiyini dedi. Nə müəssisə rəhbəri maraqlanıb,nə də həkim yoxlanışı olub”, – deyə Əlizadə yazıb.
Həyat yoldaşı deyir ki, nə qədər çalışsa da Nurlanı aclığı dayandırmağa razı sala bilməyib. Libre qeyd edib ki, sonuna qədər mübarizə aparacaq. O, övladını qucağına almaqda da çətinlik çəkib.
“Nə qədər çalışsam da onu bu fikirdən daşındıra bilmədim. Bütün ümidləri tükənib. Sonuna qədər mübarizə aparmaqdan başqa bir yolu olmadığını dedi. Uğuru güclə qucağına aldı, “kim bilir bir də nə vaxt qucağıma ala biləcəm” dedi. Uğurun “ata, niyə evə gəlmirsən” sualı ürəyimi parçaladı”, – deyə Əsli Əlizadə vurğulayıb.
Yanvarın 16-da “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində Nurlan Libre istintaq təcridxanasında zorakılığa məruz qaldığını bildirib. O bildirib ki, Azərbaycan hökuməti Avropa Parlamentinin sonuncu qətnaməsini icra etməli və dərhal Meydan TV, AbzasMedia və Toplum TV-nin müxbirlərini sərbəst buraxmalıdır. Bundan sonra o müddətsiz aclığa başladığını qeyd edib.
Nurlan Libre 2025-ci il fevralın 21-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan onun həbs müddəti artırılıb.
Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir.