Gömrük büdcə proqnozu yerinə yetirməyib

2025-ci ildə gömrük xətti ilə büdcə daxilolmaları 6 milyard 369.9 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Hesabatda vurğulanır ki, Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar əvvəlki il ilə müqayisədə 4.2 faiz və ya 278.8 milyon manat azalıb.

Ötən il DGK xətti ilə dövlət büdcəsinə 6.6 milyard manat köçürülməsi proqnozlaşdırılırdı.

Beləliklə, DGK 2025-ci ildə büdcə üzrə proqnozu yerinə yetirə bilməyib.

Buna DGK rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Amma ümumilikdə 2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39 milyard 131.1 milyon manat təşkil etməklə əvvəlki ilə nisbətən 5.3 faiz və ya 1 milyard 969.3 milyon manat çox icra olunub.