Umbakıda 13 məhbus aclıq aksiyasına başlayib

Heç bir cinayət əməli törətmədikləri halda, dini inanclarına görə qondarma ittihamlarla şərlənərək həbs edilən
Elvin Cəfərov, Elgün, Yusif, Mirvasif, İlham və adları açıqlanmayan təxminən 13 nəfər digər dini inanclı onlara qarşı yol verilən qanunsuzluqlara və haqsız rəftara etiraz əlaməti olaraq 2 gündür ki, aclıq aksiyası keçirirlər.
Yaxınlarının verdiyi məlumata əsasən, sözügedən şəxslər son 6 - 7 ay ərzində sistemli şəkildə qanun pozuntularına məruz qalıblar. Bildirilir ki, onlar heç bir qanuni əsas olmadan artıq 7 - 8 aydır Umbakı Penitensiar Kompleksində (qapalı, ciddi rejimli müəssisədə) saxlanılır və qanunvericiliyin tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələrinə köçürülmürlər.
Dini inanclılar bu vəziyyətin Azərbaycan Respublikasının qanunvericiliyinə, eləcə də beynəlxalq insan hüquqları normalarına zidd olduğunu bildirərək, haqlı və qanuni tələblərinin yerinə yetirilməsini tələb edirlər.
Onlar bəyan edirlər ki, tələbləri yaxın zamanda təmin olunmadığı təqdirdə, etiraz aksiyasını daha ağır mərhələyə - quru aclıq aksiyasına keçirmək məcburiyyətində qalacaqlar. Bu isə saxlanılan şəxslərin sağlamlığı və həyatı üçün ciddi risk yaradır və məsuliyyət birbaşa aidiyyəti qurumların üzərinə düşür.
Aidiyyəti dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını, Ombudsman Aparatını, eləcə də yerli və beynəlxalq insan hüquqları təşkilatlarını baş verənlərə dərhal reaksiya verməyə, qanun pozuntularını araşdırmağa və aradan qaldırmağa çağırırıq.