Müsavat fəalı ev dustaqlığına buraxılmadı

Yanvarın 3-də Bakı Apelyasiya məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin ev dustaqlığına buraxılması ilə bağlı Səbail  məhkəməsinin qərarından şikayətinə baxılıb.
 
Bu barədə qardaşı Vasif Sadıqbəyli məlumat yayıb. Onun sözlərinə görə, məhkəmənin başlamasına yarım saat qalmış onlara məhkəmə olacağı barədə xəbər verilib.
 
Apelyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin ev dustaqlığı ilə bağlı qərarından verilən şikayəti qüvvədə saxlayıb.
 
O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur.
 
İttihama görə, müsavatçı "Nikoilbank"ın adından saxta sənəd hazırlayıb. 
 
Bildirilir ki, o, kreditlə aldığı «Niva» avtomobilinə görə borclu qaldığı 5100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. 
 
İstintaq orqanının iddiasına görə, həmin arayış saxtadır.
 
Ə.Sadıqbəyli ittihamı qəbul etmir. 
 
Müdafiə tərəfi vurğulayır ki, banka pul tam ödənib və əgər arayış saxtadırsa, bunun Ə.Sadıqbəyliyə aidiyyəti yoxdur. 
 
Müsavat Partiyası da həbsin siyasi motivli olduğunu bəyan edib.
 
Ancaq rəsmilər ölkədə insanların siyasi əqidələrinə görə uydurma ittihamlarla həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.