“Human Rights Solidarity” Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdıqla bağlı bəyanat yayıb

London mərkəzli beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Solidarity” Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdıqla bağlı bəyanat yayıb.

Jurnalist uzun müddətdir nəfəs darlığından əziyyət çəkir və saxlanılma şəraiti onun səhhətini daha da ağırlaşdırır.

“Müəssisə qurudulmuş gölün üzərində tikilib, bu da havanın həddindən artıq rütubətli olmasına və onun nəfəs alma problemlərinin daha da kəskinləşməsinə gətirib çıxarır”, – deyə bəyanatda bildirilir.

Vəkilinin müraciətlərinə və həbsxananın baş həkiminə edilən şikayətlərə baxmayaraq, ona Ədliyyə Nazirliyində LOR mütəxəssisinin çalışmadığı bildirilib və o, lazımi tibbi müalicədən məhrum edilib. Aytac Tapdığın müayinə olunması ilə bağlı rəsmi sorğularına cavab verilməyib.

Təşkilat  bildirib ki, Aytac Tapdıq Azərbaycanda müstəqil mediaya qarşı həyata keçirilən təqiblər çərçivəsində həbs olunan azı 24 jurnalist və media işçisindən biridir. Ona və həmkarlarına qarşı irəli sürülən ittihamların siyasi motivlidir:

“Onun pisləşən vəziyyəti artıq “Jurnalistləri Müdafiə Komitəsi” və “Sərhədsiz Reportyorlar” daxil olmaqla iri beynəlxalq təşkilatların narahatlığına səbəb olub və onlar Aytacın təcili tibbi yardımla təmin olunmasını tələb ediblər.”

Həmçinin təşkilat bildirib ki, ilk dəfə olaraq jurnalistin qaldığı yerin dəqiq lokasiyasını tapmaq mümkün olub:

“İlk dəfədir ki, onun tam olaraq harada saxlanıldığını görə bilirik. Xəritələrdən istifadə edərək, onun Bakı 1 saylı İstintaq Təcridxanasının ərazisində saxlanıldığı binanın dəqiq yerini müəyyənləşdirmişik. O, səkkizbucaqlı formalı əsas üçmərtəbəli korpusun arxasında yerləşən kiçik binada saxlanılır. Binanın sağ tərəfinə bitişik ağ sahə onun hər gün gəzintiyə çıxarıldığı həyətdir.”

Aytac Tapdıq həbsdə olduğu 20 ay ərzində 80 qutu burun açıcı spreydən istifadə etdiyini və həbsxana şəraitinin onun nəfəs almasına ciddi təsir etdiyini qeyd edib