“Elə bil ki, burada terrorçular mühakimə olunur”

Bakı Ağır Cinayətlər Məhkəməsində avqustun 7-də keçirilən növbəti məhkəmə iclasında bu iş üzrə həbsdə olan jurnalistlərdən daha 3 nəfər – Aytac Tapdıq, Aysel Ümüdova və Nurlan Libre ifadə verib.

Məhkəmə prosesinə sədrlik edən hakim Zaur Hacıyev iclasın əvvəlində məlumat verib ki, məhkəmə iclas katibi dəyişib.

Təqsirləndirilən 12 nəfər jurnalistin bir hissəsi şüşə kabinədə saxlanılır, bəzilərinə isə vəkillərinin yanında əyləşməyə icazə verilib.

Kabinənin şüşə arakəsmələri var və bu aralardan içəridə danışılan səsləri eşitmək mümkündür. Həmin arakəsmələrdə Penitensiar Xidmətin həm qadın, həm də kişi əməkdaşlarından ibarət konvoylar düzülüb, içəridə olan jurnalistlərin qarşısını kəsmişdi. Bu da onların etirazına səbəb olub.

“Elə bil ki, burada terrorçular mühakimə olunur”, – deyə jurnalistlərdən “arqument.az” saytının baş redaktoru Şəmşad Ağa etiraz edib.

“Meydan TV”nin əməkdaşı Natiq Cavadlı isə bildirib ki, heç Gestaponun məhkəmələri belə olmayıb.

Hakim etirazlardan sonra konvoyların şüşə kabinənin qarşısından çəkilməsinə göstəriş verib.

Daha sonra hakim Aytac Tapdığın səhhətindəki problemlərlə bağlı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən məhkəməyə göndərilmiş cavab məktubunda yazılanları elan edib. Məktubda göstərilib ki, Aytac Tapdıq ambulator müayinə olunmalıdır.

Jurnalist buna etiraz edib. O bildirib ki, saxlandığı Bakı İstintaq Təcridxanasının Tibb Məntəqəsinin rəisi Vüqar Həsənovun yanında həkim onu müayinə edəndən sonra təcili əməliyyata ehtiyacı olduğunu bildirib. Aytac Tapdığın sözlərinə görə, onun burnunda çəpər əyriliyi var və bu səbəbdən nəfəs darlığından əziyyət çəkir.

Jurnalist əlavə edib ki, belə bir həkim rəyinə baxmayaraq, yenidən ambulator müayinə olunması boş yerə vaxt itirməkdir:

“Yanıma gəlmədən, məni müayinə etmədən yazırlar ki, ambulator müayinə olunmalıdır. Mən birbaşa əməliyyat olunmalıyam”.

Vəkil Rövşanə Rəhimli həm Aytac Tapdıq, həm də Ülviyyə Əlinin mülki məsələlərlə bağlı yaxınlarına etibarnamə verməli olduğunu bildirərək, bunun üçün təcridxanaya onların yanına notariusun gəlməsinə icazə verilməsi barədə şifahi vəsatət qaldırıb. Hakim deyib ki, vəsatət yazılı şəkildə sistemə yerləşdirilsin, baxılıb, məsələ həll olunacaq.