Müsavat fəalları polisə çağırıldığlarını deyir

Müsavat Partiyasının Nərimanov təşkilatının sədri Namiq Niftiyev polisə çağırıldığını deyir.
 
Bu barədə məlumat verən Namiq Niftiyev bildirib ki, onu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə çağıraraq bir neçə saat söhbət ediblər.
 
O, güman edir ki, polisə çağırılmasının səbəbi, iyulun 29-da həbsdə olan Müsavat Partiyasının üzvü Azad Həsənova azadlıq tələbi ilə keçirilmiş aksiyada iştirakıdır: "Aksiyada saxlandım, çox güman ki, yaşayış yerim üzrə polisə məlumat göndəriblər və məni çağırdılar. Düzdür, polisdə bu barədə mənə deməsələr də, söhbətin məğzindən belə başa düşdüm”.
 
Namiq Niftiyev əlavə edib ki, söhbət zamanı ona "ağıllı ol, yoxsa səni istirahətə göndərəcəyik” kimi ifadələr də işlənilib.
 
"Turan” Agentliyi Namiq Niftiyevin bu açıqlaması ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi ilə əlaqə saxlayıb.
 
Agentliyinin məlumatına görə, oradan bildiriblər ki, məsələ ilə bağlı məlumatları yoxdur və Namiq Niftiyev adlı vətəndaş bölməyə dəvət olunmayıb.
 
Bu deyilənlərə, Daxili İşlər Nazirliyindən isə, hər hansı münasibət almaq mümkün olmayıb.
 
Müsavat Partiyasının digər üzvü, Şəki rayon təşkilatının sədri Bakıxan Qəribli də polis şöbəsinə çağırıldığını deyir.
 
O, isə bildirib ki, özünü polis mayoru Aqil Cəfərov kimi təqdim edən şəxs onun telefonuna zəng edərək şöbəyə dəvət edib. Bakıxan Qəriblinin sözlərinə görə, polisə dəvət ona qarşı vətəndaşın şikayəti ilə izah edilib: "Bir vətəndaş şikayətində bildirib ki, mən onu ölümlə hədələmişəm, halbuki, belə bir hadisə baş verməmişdi. Bununla bağlı izahat yazdım və sərbəst buraxıldım. Lakin mənə bildirdilər ki, sabah avqustun 1-də də digər vətəndaşın şikayəti ilə əlaqədar şöbəyə getməliyəm”.
 
Şəki Rayon Polis Şöbəsindən isə Bakıxan Qəriblinin dediklərinə münasibət almaq cəhdləri nəticə verməyib.
 
Müsavat Partiyasından bildirildiyinə görə, başqa fəal üzvlərindən də polisə çağırılanlar var.
 
Amma Azərbaycan rəsmiləri bir qayda olaraq bildirirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur və heç kim dinc siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşmir.
 

Amerikaninsesi.com