Müsavatçının şikayəti qaytarılıb

Dekabrın 17-də Bakı Apelyasiya Məhkəməsi Müsavat Partiyası Gənclər Komitəsinin sədri Əbülfəz Sadıqbəyli ilə bağlı şikayəti təmin etməyib.
 
Hələ bir müddət öncə onun vəkilləri Səbail Rayon Məhkəməsində Ə.Sadıqbəylinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət vermişdilər.
 
Bu il dekabrın 7-də Səbail Rayon Məhkəməsi həmin vəsatətə baxaraq onu təmin etməmişdi. Müdafiə tərəfi də məhkəmənin bu qərarından apellyasiya şikayəti vermişdi.
 
Dekabrın 17-də isə Bakı Apellyasiya Məhkəməsi şikayətin verilməsi ilə bağlı müddətin bitdiyini səbəb göstərərək şikayəti yenidən Səbail Rayon Məhkəməsinə göndərib.
 
Vəkil Osman Kazımov prosesdən sonra baş verənləri AzadlıqRadiosuna belə izah edib: «Səbail Rayon Məhkəməsi işə dekabrın 7-də baxıb, qərarı də bizə həmin gün verməli idi. Hakim Mədinə Bağırova məhkəmə qərarını bizə gec verdi, dekabrın 10-da. Mən də dekabrın 11-də apellyasiya şikayəti verdim. Buna görə də Apellyasiya Məhkəməsi şikayəti Səbail Rayon Məhkəməsinə qaytarıb. Yəni Səbail Rayon Məhkəməsi şikayət müddətini bərpa etməlidir».
 
O.Kazımov deyib ki, Ə.Sadıqbəyli də prosesdə iştirak edib. Vəkil eyni zamanda vurğulayıb ki, Səbail Rayon Məhkəməsinin Ə.Sadıqbəyli barəsində seçdiyi həbs-qətimkan tədbiri qərarı əsassızdır.
 
«Adətən şəxs barəsində həbs-qətimkan tədbiri seçiləndə qeyd edilir ki, o istintaqdan qaça, istintaqa qanunsuz təzyiq göstərə bilər və sairə. İlk dəfədir ki, rast gəlirəm, Ə.Sadıqbəyli ilə bağlı bu qərar «müttəhimin cəmiyyət üçün təhlükəli şəxs olması» kimi əsaslandırılıb», –deyə O.Kazımov vurğulayıb.
 
Vəkil habelə bildirib ki, Ə.Sadıqbəyli vəkilinin iştirakı ilə geniş şəkildə yenidən dindirilməsini istəyib. Onun sözlərinə görə, amma müstəntiq Osman Məmmədov onun vəsatətini rədd edib: «Bu, absurd bir hərəkətdir. Vətəndaş deyir ki, ifadə vermək istəyirəm. İstintaq deyir ki, ehtiyac yoxdur. Bununla bağlı mən baş prokurorun müavini Rüstəm Usubova şikayət vermişəm. Bu günə qədər şikayətimə cavab verilməyib. Üstəlik, aldığım məlumata görə, məndən Vəkillər Kollegiyasına da şikayət edilib. Hərçənd, bununla bağlı mənə rəsmi qaydada bildiriş daxil olmayıb».
 
Vəkil deyib ki, müdafiə tərəfində cinayət işi ilə bağlı da lazımı materiallar təqdim edilmir. Bu da onun fikrincə, Ə.Sadıqbəylinin günahsız olduğunun göstəricisidir.
 
Vəkilin bu açıqlamasına Səbail Rayon Məhkəməsindən, Baş Prokurorluqdan və başqa aidiyyətı qurumlardan münasibət almaq mümkün olmayıb.
 
Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur.
 
İttihama görə, müsavatçı «Nikoilbank»ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, kreditlə aldığı «Niva» avtomobilinə görə borclu qaldığı 5100 manatın ödənilməsi barədə arayışı Yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanının iddiasına görə, həmin arayış saxtadır.
 
Ə.Sadıqbəyli ittihamı qəbul etmir. Müdafiə tərəfi vurğulayır ki, banka pul tam ödənib və əgər arayış saxtadırsa, bunun Ə.Sadıqbəyliyə aidiyyəti yoxdur. Müsavat Partiyası da həbsin siyasi motivli olduğunu bəyan edib.
 
Ancaq rəsmilər ölkədə insanların siyasi əqidələrinə görə uydurma ittihamlarla həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.
 
Azadlıq Radiosu