Qəzzaya yardım aparan fəallarla davranışına görə Fransa israilli nazirin ölkəyə girişini qadağan edib

Fransa İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Gvirin ölkəyə girişini qadağan edib.

Qərar Ben-Qvirin mayın 20-də sosial şəbəkələrdə paylaşdığı və Qəzzaya yardım aparmağa çalışan “Sumud” flotiliyasının saxlanılan iştirakçılarının əks olunduğu videodan sonra qəbul edilib.

Videoda Ben-Qvirin İsrail bayrağını diz üstə çökdürülmüş fəalların qarşısında yellədiyi görünür. Kadrlardan birində təhlükəsizlik əməkdaşının “Fələstinə azadlıq!” şüarı səsləndirən fəallardan birini yerə yıxdığı əks olunur. Nazir paylaşımın açıqlama hissəsində həmin şəxsləri “terrorizmin tərəfdarları” adlandırıb.

Fransanın xarici işlər naziri Jean-Noël Barrot bildirib ki, qadağa flotiliyada olan Fransa və digər Avropa ölkələrinin vətəndaşlarına qarşı “yolverilməz davranışlarla” əlaqədar tətbiq olunub.

Onun sözlərinə görə, Fransa hakimiyyəti “bu flotiliyanın heç bir faydalı təsir göstərməyən və diplomatik-konsulluq xidmətlərini yükləyən fəaliyyətlərini” dəstəkləmir. “Lakin biz Fransa vətəndaşlarının təhdidlərə, qorxudulmaya və ya qəddar rəftara məruz qalması ilə, xüsusilə də bunun bir dövlət rəsmisi tərəfindən baş verməsi ilə barışa bilmərik”, - deyə Barro “X” sosial şəbəkəsində yazıb.

Nazir həmçinin Avropa İttifaqını Ben-Qvirə qarşı məhdudiyyətlər tətbiq etməyə çağırıb. Videonun yayılmasından sonra bir sıra Avropa ölkələri İsrail səfirlərini Xarici İşlər nazirliklərinə çağırıb. Avropa İttifaqı fələstinpərəst fəallarla rəftarı “tamamilə qəbuledilməz” adlandırıb. Ben-Qvirin hərəkətləri İsrailin baş naziri Benjamin Netanyahu tərəfindən də tənqid olunub.

“Sumud” flotiliyası Qəzza zolağına humanitar yardım çatdırmaq məqsədilə təşkil olunmuş beynəlxalq mülki təşəbbüsdür. Təşkilatçıların məlumatına görə, aksiyada müxtəlif ölkələrdən fəalların olduğu 55-dən çox gəmi iştirak edib.