İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib. Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər. Ə. Bünyadov məhkəmə zalına “təcili yardım” xərəyində gətirilib.
Zala təqsirləndirilənlərin ailə üzvləri və yaxınları buraxılıb, media nümayəndələrinin zala keçməsinə əsassız olaraq imkan verilməyib. Məhkəmə hökmü elan edib. Belə ki, məhkəmə Ə.Bünyadovun 15 il, Elxan İsgəndərovun 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Qeyd edək ki, iyulun 3-də dövlət ittihamçısı çıxışında Elxan İsgəndərovun 14 il azadlıqdan məhrum edilməsini, Ə. Bünyadovun isə 15 il azadlıqdan məhrum edilməsini, bundan əvvəl istintaq dövründə 11 ay, 5 gün həbsdə yatması, ona görə bu müddət çıxılmaqla 14 il 25 gün azadlıqdan məhrum edilmə cəzası və həmin müddətin 3 ilini Qobustan həbsxanasında çəkməklə qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəmədən xahiş etmişdi.
Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb.
"Nardaran işi 4" məhbuslarına hökm oxundu - 29 il - Video
Oxşar xəbərlər