ABŞ prezidenti Donald Tramp İrandan sonra Omanı da hədələyib.
O, mayın 27-də Ağ Evdə jurnalistin Hörmüz boğazının aqibəti ilə bağlı sualına cavab olaraq deyib ki, Oman "ya özünü yaxşı aparmalıdır, ya da onları havaya uçuracağıq".
ABŞ ilə uzun illərdir hərbi və iqtisadi müttəfiqlik edən Oman ABŞ-nin fevralın sonunda İrana hücumları başlayana qədər iki ölkə arasında danışıqlara vasitəçilik edib.
Lakin münaqişənin gedişində İran Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb. Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, İran boğazı bağlı saxlamağa davam edir.
Hazırda İran və ABŞ arasında yekun sülh razılaşması üzrə danışıqların getdiyi vaxtda isə İranın Omanla birlikdə Hörmüzdən keçmək istəyən gəmilərdən keçid haqqı almaqla bağlı razılığa gəldiyi xəbəri yayılıb.
ABŞ isə İranla sülh əldə olunduqdan sonra da Hörmüzün bütün gəmilər üçün açıq olmasında israr edir.
"Boğaz hər kəs üçün açıq olacaq. Çünki ora beynəlxalq sulardır. Heç kim nəzarət etməyəcək. Bu, danışıqlarımızın bir hissəsidir", - Tramp jurnalistə deyib.
O, həmçinin, İranı danışıqları qəsdən yubatmaqda ittiham edib.
Dünya üzrə neft və təbii qaz tədarükünün təxminən beşdə birinin həyata keçdiyi Hörmüz boğazının bağlanması dünya bazarlarında enerji və yanacaq qiymətlərinin artmasına səbəb olub.
Tramp İrandan sonra Omanı da hədələyib