Hökumət din xadimlərinə məscidlərdə intiharla bağlı xütbələr oxunmasını tapşırdı

Özbəkistan məscidlərində cümə namazı zamanı imamlar intiharın İslamda ən böyük günahlardan biri olması haqda moizələr oxumağa başlayıb.  
 
“Azadlıq” radiosunun özbək redaksiyasına istinadla xəbər verir ki,  bu cür tədbirlər Respublika Nazirlər Kabineti nəzdində Dini İşlər Komitəsinin tapşırığı ilə həyata keçirilir.
“Belə moizələrin oxunmasına səbəb ölkədə intiharların sayının artmasıdır. İslam intiharı haram buyurur, qadağan edir. İnsanlar belə çıxılmaz addımı Allaha imanlarının zəifliyi səbəbindən atırlar. Bizə vətəndaşlara  İslamda initiharın qadağan olduğunu izah etmək tapşırılıb”,-deyə “Siroj Salih” Cümə məscidinin imam köməkçisi bildirib. 
 
Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər Komitəsinin İslam Təşkilatları ilə İş şöbəsinin əməkdaşı məlumatları təsdiqləyib. 
“Özbəkistanda son iki ayda intiharların sayı artdığından biz imamlara cümə xütbələrini bu mövzuya həsr etməyi tapşırmışıq”-deyə hökumət rəsmisi izahat verib.
 
Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə  ildə hər 100 min nəfərdən 6-sı intihar edir. Qeyri-rəsmi  məlumatlara görə, bu rəqəm daha böyükdür.
 
Xatırladılır ki Özbəkistan prezidenti Şövkət Mirziyoyev bir müddət öncə hökumət iclasında ölkə vətəndaşları arasında intiharların sayının artması ilə bağlı narahatlığını ifadə edib.
P.S. Azərbaycanda vətəndaşlar(!) arasında intiharların artmasıyla bağlı dövlət və hökumət rəhbərliyi, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi səviyyəsində ciddi tədbirlər planı hazırlanmasının vaxtı  on illərdir ki, çatıb...
P.P.S. Şeyxülislamın və QMİ-nin işi yalnız dini bayramlar,  Aşura haqda fətva vermək, Həccə adam toplamaq və yas, dəfn mərasimlərini tənzimləməkdən ibarət olmamalıdır axı...