AXCP üzvünün Xətai polisində saxlandığı deyilir

«Bizdə olan məlumata görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zəfər Əhmədli Xətai Rayon Polis İdarəsinin nəzdindəki Müvəqqəti Saxlama Yerindədir. Amma polis idarəsi bunu təsdiq etmir».
 
Bunu AzadlıqRadiosuna AXCP Partiyası Rəyasət Heyətinin üzvü İlham Hüseyn bildirib.
 
İ.Hüseynin dediklərini, hələlik, Xətai Rayon Polis İdarəsindən dəqiqləşdirmək mümkün olmayıb.
 
Z.Əhmədlinin bu il iyulun 27-də saxlandığı bildirilir. Verilən məlumata görə, məhkəmə onun barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb. Onun polisin haqlı tələbinə tabe olmamaqda günahlandırıldığı deyilir.
 
Aradan 3 gün keçsə də, yaxınlarının onunla görüşmək cəhdi nəticə verməyib. Bununla bağlı onlar narahatlıqlarını ifadə ediblər.
 
Məsələyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə münasibət almaq mümkün olmayıb.
 
Onun yaxınları qeyd edilən ittihamı saxta sayırlar.
 
AXCP-dən isə bəyan ediblər ki, Z.Əhmədli əslində Facebook sosial şəbəkəsində yazdığı statuslara görə cəzalandırılıb.
 
Z.Əhmədli həm də həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin atasıdır. F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. O, Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsilib.
 
F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə həbs olunduğunu bildirir.
 
Rəsmilər isə ölkədə müxalif fəalların siyasi baxışlarına görə həbs edilməsinə dair deyilənləri təkzib edirlər.