AXCP üzvü saxlanıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon şöbəsi fəalı Rauf Abdurəhmanlının saxlandığı bildirilir.
 
Bu barədə AXCP-dən məlumat veriblər.
 
Məlumata görə, cəbhəçi dünən, iyunun 13-də Bakıda saxlanıb. Bu haqda onun yaxınlarına hər hansı məlumat verilməyib.
 
AXCP-dən verilən məlumata görə, bu gün, iyunun 14-də isə məlum olub ki, Bakıda saxlanan cəbhəçini qeydiyyatda olduğu Şəki şəhərinə aparıblar. Onun Şəki Rayon Polis İdarəsində olduğu güman edilir.
 
AXCP hesab edir ki, R.Abdurəhmanlı siyasi fəaliyyəti, tənqidi mövqeyi ilə əlaqədar təqib edilir.
 
Bütün bu açıqlamalara Şəki Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
 
Hazırda AXCP-nin 10-dan çox üzvü uzunmüddətli həbsdədir.
 
Partiya onların hamısına böhtan atıldığını, siyasi sifarişlə tutulduqlarını bəyan edib.
 
Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
 
toplum.tv