Psixoloq Vüsal Nadiroğlu cəza çəkdiyi 8 saylı həbsxanadan məhbus övladlarına müraciət məktubu ünvanlayıb. Məktubda deyilir:
"Əziz Məhbus övladları, narkotiklə şərlənən möminlərin övladları, bilirəmki atalarınız üçün çox darıxırsınız və gizli-gizli göz yaşları axıdırsız, bu təbiidir. Ağlamaq zəiflik əlaməti deyil. Ağlayın ki, ürəyiniz boşalsın və zalıma daha da nifrətiniz artsın. Ağlayın ki güclü olasınız.
Ağlayın ki, Uca Allah göz yaşlarınıza şahid olsun. Sevimli övladlarımız, atasına həsrət qalan təkcə siz deyilsiniz, çox saylı Şəhid övladları atasını itirmiş uşaqlar və digər kateqoriyadan olanlar da vardır. Həmçinin Fələstində qaçqın düşərgələrində əli yalın az yaşlılar var.
Mehriban övladlarımız, analarınızın sözündən çıxmayın, onlara qulaq asın, bacı qardaşlarnızı əzizləyin, ruzunuzdan ötürü nigarançılıq keçirməyin. Uca Rəbbimiz sizi əsla ruzisiz qoyan deyil, hansı vasitələrlə olur olsun Rəbbimiz sizin ruzinizi yetirəcəkdir. Bilirəmki kiçik yaşlarınızda ata qayğısından müvəqqəti məhrum olmaq çətindir, məyus olmayın.
Peyğəmbərimiz Muhəmməd salavatullah atasının üzünü görmədi və anası Aminə xanımı altı yaşında ikən itirdi. Uca Allahımız onu tərbiyə etdi, qorudu və ən üstün Peyğəmbər qərar verdi.
Əzizlərim, bilirəm məktəbdə sinif yoldaşlarınız atalarından danışanda yaxud ataları onları məktəbə gətirəndə siz doluxsunursuz, başınızı aşağı dikib, udqunaraq ah çəkirsiniz. Başınızı uca tutun, çünki sizin atanız hec bir utanc verəcək hərəkət etməyib. Atanız İslam və bütün digər haqlarımız uğrunda apardığı mübarizəyə görə məhbusdur.
Tarix atanız haqqında şərəfli səhifələrini paylaşacaq. Atanız fəxr olunası kişilərdir. Atanızla fəxr edin və qürur duyun, onların övladları olduğunuz üçün Allaha şükür edin, şükr edin ki, qeyrətili kişilərin qanını daşıyırsınız. Rəbbimizə ibadət və itaətinizdə möhkəm olun. Həmçinin peşə seçimində məqsədyönlü olun. Əmin olun ki, Rəbbimizin xüsusi nəzarətindəsiz.
Siz nümunəvi övladlar olmalısınız.
Siz Vətənimizdə İslamın yaşaması üçün atalı böyümək haqqınızı qurban vermisiniz. Daşıdığınız Peyğəmbər və Əhli beyt adlarını layiqincə yaşayacaqsınız. Sevimli canlar, Rəbbimizə bol-bol dualar edin, dünyadakı bütün həmyaşıdlarınız üçün dua edin. Müharibə şəraitində fidanlar ucun xüsusən, Fələstinli körpələr ücün dua edin. Vətən müharibəsinin Şəhid və Qazilərini, övladlarını ziyarət edin, onlarla həmsöhbət olun, birlikdə vaxt keçirin.
Uca Allaha hər bir halınızla şükr edin, bütün ürək sözlərinizi Rəbbimizlə bölüşün. İnşallah tezliklə atanız sizə qovuşacaq, bu həsrət bitəcəkdir. Hər çətinlikdən sonra bir asanlıq vardır. Bu Allahın vədidir, bu dəqiqdir.
Öpürəm və bağrıma basıram sizləri."
Siz nümunəvi övladlar olmalısınız