''Hökumət Avropa Məhkəməsinin qərarını icra etmir''

Nemət Kərimli: ''İlkin Rüstəmzadəyə ödənməli olan 6 min avroluq təzminat verilmir''

"Hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin NİDA fəalı İlkin Rüstəmzadə barədə verdiyi qərarını icra etmir".

Bu barədə "Turan"-a İlkin Rüstəmzadənin vəkili Nemət Kərimli məlumat verib.

Bildirirb ki, qərarın yerinə yetirilməsinin və 5 ildir həbsxanada olan ərizəçiyə kompensasiya ödənilməsinin son tarixi hələ 2017-ci ilin dekabrında başa çatıb:

"Ancaq kompensasiya ödənməyib. Bununla əlaqədar Avropa Şurası Nazirlər Komitəsinə şikayət yazdım".

İyulun 20-də AİHM Rüstəmzadənin Bakıda etiraz aksiyalarından biri zamanı inzibati həbsi ilə bağlı ilk şikayəti üzrə qərarı elan edib. AİHM ona 6 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Müdafiə tərəfi Rüstəmzadənin cinayət təqibi ilə bağlı da şikayət verib. Hələlik AİHM-də həmin şikayətə baxılmayıb.
İlkin Rüstəmzadə 17 may 2013-cü ildə xuliqanlıq ittihamı ilə saxlanılıb - istintaq Bakının dənizkənarı bulvarında Harlem Shake rəqs fləşmobunu və onun "YouTube"-da yerləşdirilməsini xuliqanlıq kimi qiymətləndirib.

2014-cü il mayın 6-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Apelyasiya Məhkəməsi 16 dekabr 2014-cü il tarixinə qədər təxirə salınıb. Onunla birlikdə həbs edilən 7 nəfər çoxdan azad edilib.
İ. Rüstəmzadənin həbsindən sonra valideynlərinin səhhətində problemlər yaranıb. Onların ixtisaslı tibbi yardıma ehtiyacı var. Amma ailənin bunu qarşılamağa maddi imkanı çatmır.