'QHT işi': 'Qrant nə vaxtdan cinayət yoluyla əldə edilmiş əmlakdır?'

Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan daha biri – sosial işçi Zamin Zəkinin də məhkəməsi başlanıb. Bu işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmənin oktyabrın 29-dəki ilkin hazırlıq iclasında Z.Zəkinin vəkili Günay İsmayılova müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq, onun haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil hüquqlarını qoruduğu şəxsin cinayət yoluyla əldə edilən vəsaiti leqallaşdırmaqda suçlandığını, amma bununla bağlı heç bir dəlil-sübut gətirlmədiyini deyir. Cinayət işində 57 min manatın leqallaşdırılmasından bəhs edilir:

“Qrant nə vaxtdan cinayət yoluyla əldə edilmiş əmlakdır? Qrantın qeydiyyatdan keçirilməməsi, uzağı, inzibati xəta kimi qiymətləndirilə bilər”.

Vəkil daha bir vəsatət də qaldırıb və məhkəmənin Z.Zəki haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verməməsi halında, heç olmasa, hökm çıxarılanadək, onun ev dustaqlığına buraxılmasını xahiş edib. Müdafiəçi, ayrıca, Z.Zəkinin məhkəmə zalında şüşə kabinədə yox, vəkilinin yanında əyləşməsinə icazə verilməsini də istəyib.

Qaldırılan vəsatətlərdən yalnız biri təmin olunub - Z.Zəkinin məhkəmədə vəkilinin yanında əyləşməsinə icazə verilib. Digər vəsatətlər rədd edilib.

İctimai fəal haqqında məhkəmə baxışı noyabrın 12-nə təyin olunub.

Xatırlatma

Baş Prokurorluğun İstintaq İdarəsində “QHT işi” üzrə həbslər bu ilin martından başlanıb. Həmin vaxt “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunublar. Apreldə Zamin Zəki və daha iki nəfər QHT təmsilçisi - Asəf Əhmədov və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.

Vətəndaş cəmiyyətinin xeyli sayda fəalı təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaq dövrü üçün onlar haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Onların arasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli, “İqtisadi Tədqiqatlar Mərkəzi”nin rəhbəri Qalib Bayramov və başqaları var.

Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

Oktyabrın əvvəlindən təqsirləndirilən QHT təmsilçilərinin bir çoxunun məhkəmələri başlanıb. Onlar ayrı-ayrılıqda mühakimə olunurlar.

Vətəndaş cəmiyyəti fəallarına qarşı cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlar irəli sürülüb. İttiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.