“Abzas Media” nəşrinə 2024-cü ilin “Azad Media” mükafatı təqdim edilib

2024-cü il üzrə “Azad Media” mükafatı Azərbaycanın “Abzas Media” internet nəşrinə təqdim edilib. Sentyabrın 17-də baş tutan təqdimat mərasimində mükafatı nəşrin müvəqqəti baş redaktoru Leyla Mustafayeva qəbul edib.

Bu barədə “Abzas Media” nəşri sosial platformasında məlumat yayıb.

“Ötən ilin noyabrından başlayaraq Azərbaycan hökuməti mediaya qarşı böyük repressiyaya başladı. Bu dövrdə iki media platformasının ofisi bağlandı. Hazırda 20-dən çox jurnalist həbs edilib. “Abzas Media”nın hazırda həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və ötən ilin noyabrında həbs edilən direktoru Ülvi Həsənli “Peqasus” casus proqramı vasitəsi ilə izlənilib. Hökumətlərin bu tip proqramlardan cinayətkarları tapmaq üçün istifadə etməsinə baxmayaraq, Azərbaycan hökuməti üçün onların qaranlıq bizneslərini araşdırna jurnalistlər cinayətkardır. Jurnalizmə hücum isə cəmiyyəti lal, kar və kor etmək üçün istifadə edilən üsullardan biridir”, təqdimat mərasimində çıxış edən nəşrin müvəqqəti baş redaktoru Leyla Mustafayeva bildirib.

Mükafat “6 əməkdaşı qondarma ittihamlarla həbs edilən “Abzas Media” qətiyyətli və sistemli şəkildə apardığı korrupsiya araşdırmalarına görə bu mükafata layiq görülür”, sözləri ilə müşayiət edilən musiqi sədaları altında təqdim edilib.

Fritt Ord Foundation” və “ZEIT Stiftung Bucerius” fondları tərəfindən verilən bu mükafat, əsasən, post-sovet məkanında təhdidlərə baxmayaraq, fəaliyyətinə davam edən müstəqil jurnalistlərə və media qurumlarına təqdim olunur.

 

2023-cü ilin noyabr - 2024-cü ilin yanvar aylarında Abzas Media-nın işi üzrə altı jurnalist və mətbuat işçisi (Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Məhəmməd Kekalov, Hafiz Babalı) həbs edilib. Sonradan bu iş üzrə bu lin iyununda iqtisadçı Fərid Mehralızadə həbs olunub.

Əvvəlcə onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbit olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin 16-19 avqust tarixlərində jurnalistlərə qarşı daha ağır ittihamlar - Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə eetməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Bu ittihamlara görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Jurnalistlər bütün ittihamları rədd edir, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqib olunduqlarını bildirir.

Hüquq müdafiəçiləri bütün təqsirləndirilən şəxsləri siyasi məhbus kimi tanıyıb.