Milli Şura AXCP üzvlərinə qarşı repressiyaları pisləyib

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Azərbaycan Xalq Cəbhəsinə qarşı repressiyaların güclənməsini pisləyib.

Beynəlxalq ictimaiyyətin Azərbaycan hakimiyyətinə israrla demokratik islahatlara başlamaq çağırışlarına, beynəlxalq səviyyədə hakim rejimin AŞPA-da ölkənin nümayəndə heyətinin başçısına qarşı sanksiyalara səbəb olan korrupsiya faktlarının ifşa edilməsinə baxmayaraq, hakimiyyət vəziyyətdən çıxışı repressiyaların gücləndirilməsində görür.

Hakimiyyət, əvvəllər olduğu kimi, bu dəfə də əsas hədəf olaraq AXCP-ni seçib. Bir neçə gün qabaq AXCP-nin iki funksioneri - gənclərdən Orxan Baxışlı və veteranlardan Mirfeyzulla Seyidov narkotiklə şərlənərək, barələrində absurd ittiham irəli sürülüb, daha bir cəbhəçi Məhərrəm Cəliloğlu şərlənərək həbs edilib.

İl yarım qabaq mitinqlərin təşkilatçısı kimi həbs edilmiş Elnur Fərəcovun xərçəng xəstəsi olduğunu Penisentiar Xidmət nəhayət etiraf edib.

Mirfeyzulla Seyidov isə böyrəkləri çalışmadığı üçün həftədə 3 dəfə dealiz aparatından keçmədən yaşamaq imkanında deyil. Hər iki cəbhəçi məhbusun həyatı real təhlükə qarşısındadır.

Bugünlərdə isə Elçibəy hakimiyyəti zamanı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmov faktiki oğurlanaraq, həbs edilib. 10 gün əvvəl saxlanılan Saleh Rüstəmov yeri və vəziyyəti barədə nə ailə üzvləri, nə də vəkillər məlumat ala bilib. Üstəlik onun qardaşı oğlu Vidadi Rüstəmli və daha 2 nəfər qohumu da həbs edilib. Ötən müddət ərzində onun öz ailəsi ilə əlaqə saxlamasına, vəkililə görüşməsinə imkan verilməyib. İndi məlum olur ki, Saleh Rüstəmov cəmiyyətdən tam təcrid edilmiş şəraitdə işgəncələrə məruz qalıb. İşgəncə və hədələrin təsiri altında ondan AXCP-yə qarşı hansısa saxta ifadələr alıblar.

Bütün bunlar göstərir ki, hakimiyyət bu partiyaya indiyədək etdiyi pisliklərlə kifayətlənmək istəmir, ona qarşı təxribatları davam etdirəcək.
AXCP artıq neçə ildir ki, ölkədə avtoritar rejimin qarşısında əsas sədd olaraq qalıb. Son illərdə ölkədə hakimiyyət əleyhinə keçirilən mitinqlərin əsas hərəkətverici qüvvəsi məhz Xalq Cəbhəsidir. AXCP ölkədə ən çox məhbusu olan təşkilat olmaqla yanaşı, həm də ən güclü struktura malik təşkilat kimi də xarakterizə olunur. Bütün bu repressiyalar daməqsədyönlü şəkildə AXCP-ni və onun sədri Əli Kərimlini nüfuzdan salmaq, təcrid etmək, ona qarşı təxribatları gücləndirmək məqsədilə həyata keçirilir.
Milli Şura AXCP ilə birlikdə olduğunu, ona qarşı yönələn anti-insani əməlləri, repressiyaları qətiyyətlə pislədiyini və onların dayandırılmasını tələb etdiyini bildirir.

DQMŞ bütün siyasi məhbusların, xüsusən də həyatı təhlükədə olan Elnur Fərəcovun və Mirfeyzulla Seyidovun təcili azadlığa buraxılmasını, Saleh Rüstəmov və qardaşı oğluna ailələri və vəkillərlə normal əlaqə üçün şərait yaradılmasını, AXCP-yə qarşı növbəti ideoloji təxribata son qoyulmasını tələb edir. 

Turan