Milli Şura yeni mitinq tarixini açıqlayıb

Milli Şura dünən, aprelin 3-də Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) mitinq istəyi ilə bağlı yenə mənfi cavab aldıqdan sonra növbəti aksiya qərarını verib. Yeni mitinqin vaxtı aprelin 20-nə təyin edib.
 
Bununla bağlı müraciət bu günlərdə BŞİH-ə göndəriləcək. Təşkilatçılar vurğulayıb ki, aksiyanın şüarları dəyişməyib. Orada əsasən "Siyasi məhbuslara azadlıq", "Korrupsiya və talana yox", "Sərbəst toplaşma azadlığı təmin edilsin!", "Azad seçki və siyasi rəqabət üçün şərait yaradılsın!" şüarlarını səsləndirib, uşaqlara aylıq müavinətin verilməsi məsələsini gündəmə gətirmək niyyətindədirlər. Qanunvericiliyə görə, BŞİH Milli Şuranın müraciətindən sonra ona cavab verməlidir.
 
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 7-də kütləvi aksiya keçirməklə bağlı müraciətinə bu gün, aprelin 3-də cavab verib. Qurum yenə aksiyaya razılıq verməyib.
 
Cavabda deyilir ki, təklif edilən marşrutlarda nəqliyyatın sıxlığı müşahidə edilir:
 
"Həmin gün bu küçələrin bağlanması tələb olunacaq və nəticədə tıxacların yaranması, vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxarcaq".
 
Eyni zamanda məktubda bildirilir ki, həmin gün Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı təyin edib, üstəlik yürüşdən ötrü müəyyən edilən küçədə əhali sıx hərəkət edir.
 
BŞİH bildirir ki, "Sərbəst toplaşmaq azadlığl haqqında" qanuna uyğun olaraq yığıncaqların, mitinqlərin keçirilməsindən ötrü açıq və qapalı yerlər müəyyən edilib. Qurum qeyd edilənlər səbəbindən planlaşdırılan aksiyanı məqsədəuygun hesab etmir.
 
Partiya aksiya ilə bağlı 3 marşrut göstərmişdi. Bunlar metronun "Azadlıq" stansiyasından "Dərnəgül" stansiyasınadək yürüş və mitinq. Habelə, metronun "20 Yanvar" stansiyasından "Məhsul" stadionunadək yürüş və mitinq. Ən nəhayət metronun "Gənclik" stansiyasının çıxışı – Tofiq Bəhramov adına stadionun qarşısındakı meydanda mitinq.
 
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, aksiyanın keçirilməsinə icazə verilməməsi Azərbaycan hökumətinin növbəti qanunsuz addımı, sərbəst toplaşmaq azadılığı hüququnu tanımaq istəməməsidir.
 
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bundan əvvəl, Müsavat Partiyasının martın 10-na təyin etdiyi yürüş-mitinqə də razılıq verməmişdi.
 
BŞİH onda da cavabını yürüş-mitinqdən ötrü seçilən marşrutlarda nəqliyyatın sıx hərəkət etməsi ilə əlaqələndirmişdi.
 
Azadliq.org