Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyir ki, yenə də Konstitusiya pozulur.
AXCP sədri öz feysbuk hesabında yazır: "Mitinqi Lökbatanda keçirməyi təklif ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin yerini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Milli Şura olaraq əvvəlcədən bəyan etmişdik ki, ya kompromis olaraq "Məhsul” stadionunda mitinqə razılıq verərlər, ya da mitinqi xəbərdar etdiyimiz kimi, şəhərin mərkəzində - "28 May” metrosu ətrafında keçirəcəyik. Beləliklə, Milli Şuranın mitinqi 2 noyabr saat 15:00-da şəhərin mərkəzində - "28 May” metrosunun ətrafında keçiriləcək”.
Bundan əvvəl Milli Şura oktyabrın 19-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. BŞİH həmin aksiyanın Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq versə də, Milli Şura razılaşmamış, mitinqi metronun "28 May” stansiyası yaxınlığında keçirməyə cəhd etmişdi.
Hadisə yerinə cəlb olunan polislər aksiyanın qarşısını almış, nəticədə Əli Kərimli də daxil olmaqla xeyli sayda insan xəsarət almış, saxlanılmışdı.
Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan 60 nəfərdən yalnız 18-i barəsində müxtəlif inzibati tədbirlər görülüb. DİN, Respublika Prokurorluğu aksiyanın dağıdılmasında polis zorakılığını təkzib edir.
"Mitinqi "28 May"da keçirəcəyik" - Əli Kərimli
Oxşar xəbərlər