Siyasi məhbusdan atasına doğum günü təbriki

Siyasi məhbus Fuad Əhmədli atasına doğum günü münasibətilə məktub ünvanlayıb:

Atam, hocam, dostum və mənsub olduğum demokratik hərəkatın canlı tarixi Zəfər Əhmədov!
Vətənimizi böyük bir zindana çevirmiş rejimin lütfü üzündən ardıcıl dördüncü dəfədir sənin ad günündə iştirak edə bilmirəm, üzrlü say.
Məhkəmədəki son sözümdə demişdim, bu rejim haqq uğrunda mücadilə edən insanların özlərinə gücü çatmayanda, onların yaxınlarına əzab verməkdən zövq alır. Bilirəm ki siz – doğmalarım, dostlarım, əqidədaşlarım mənim qanunsuz girovluğumla bağlı necə iztirab və əziyyət çəkirsiniz, haqqınızı halal edin.
Əziz atam, bildiyimə görə sən ictimai çıxışlarında deyirsən ki, mənimlə fəxr edirsən, lakin tutduğum haqq uğrunda mübarizə yolunda sənin bilavasitə rolun olmayıb. Razıyam, mənim cəbhəçi olmağımı, həyatımı bu mübarizəyə sərf etməyimi mənə birbaşa tövsiyə etməmisən. Amma ikimiz də bilirik ki, sənin həyatın, vətənimizin ərazi bütövlüyü, xarici və daxili düşmənlərdən azad olunması, irqindən, dinindən, əqidəsindən asılı olmayaraq bütün insanların azad yaşaması uğrunda mübarizən mənə həyat dərsi olub.

Ən vacibi, mütləq çoxluğun qərarından asılı olmayaraq, azlıqda, hətta tək qaldıqda belə məfkurənə sadiq qalmağı məhz səndən öyrənmişəm, buna görə ömrümün axırına kimi sənə minnətdar olacağam. 92-ci iidə Kəlbəcərdə, Ağdaban döyüşündə sənin kiçik dəstənlə mühasirədə qalsan da döyüş mövqeyini tərk etməməyin mənim bu günkü əqidəmin və mübarizə metodumun formalaşmağında həlledici rol oynayıb, o vaxt körpə olmağıma rəğmən və bu olayları səndən yox, silahdaşlarından eşitsəm də.

Ata, sənin öz vətəninə, ailənə, insanlara sevgin, sonuncu tikəni ehtiyacı olanla bölüşməyə hazır olmağın, heç kimə boyun əyməməyin, qədim cəngavərlərə xas həyat kodeksin mənim və bacımın da xasiyyətinin, həyat tərzinin ərsəyə çatmasında örnək olub. Sənin kimi düşünməyə, hərəkət etməyə çalışmışam.
Dəyərlərə münasibət, mübarizə metodları, təşkilatı iş prinsipləri haqda səninlə çox qızğın mübahisələrimiz olsa da, get-gedə bir çox məsələlərdə sənin haqlı olduğunu başa düşməyə başlayıram, bu da sənin əməyindir.
Ad gününü təbrik edirəm, əziz atam, cəbhədaşım, dayağım Zəfər bəy! O gün olsun çoxlu nəvələrinlə, nəticələrinlə birlikdə qeyd edək yüz yaşını.
Bizimlə birlikdə yoladavam!

azadliq.info