Kaş ki, xalqımız ölkəmizdə azadlıqsevər vəkillərin, hüquq müdafiəçilərinin, jurnalistlərin, müxalifətçilərin və ictimai fəalların kütləvi və sifarişli həbsi ilə artan qiymətlər, artan yoxsulluq, daha da həddini aşan məmur özbaşınalığı arasındakı əlaqəni görəydi. Fərqində olaydı ki, sayı 400-ə yaxınlaşan siyasi məhbusları məhz milyonlarla azərbaycanlını daha hüquqsuz, daha çarəsiz etmək üçün həbs ediblər.
Müxalifətçini, ictimai fəalı həbs edirlər ki, sizin sözünüzü deyən, haqqınızı tələb edən olmasın və sizi daha asan istismar etsinlər.
Jurnalistləri həbs edib azad mətbuatı bağlayırlar ki, siz problemlərinizi ictimailəşdirə bilməyəsiz.
Hüquq müdafiəçiləri və indi də vəkilləri şərləyib həbs edirlər ki, ölkədə repressiya qurbanlarını müdafiə etməyə də kimsə qalmasın.
Vəkil Zabil Qəhrəmanovun şərlənərək həbs olunması, yalnız növbəti qanunsuz həbs deyil. Bu həbs Azərbaycandakı avtoritar rejimin daha da sərt mərhələyə keçdiyinin göstəricisidir. Rejim ictimai - siyasi fəalların, müxalifətçilərin, jurnalistlərin və inanclı insanların həbsini artıq davamlı siyasətə çevirsə də, vəkilləri həbs etməkdən çəkinirdi. Düzdür, insan hüquqlarını müdafiə edən vəkillər çoxdandır ki, rejimin hədəfindədir. Lakin indiyə qədər bir qayda olaraq rejimin hədəfində olan tanınmış vəkillər Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməklə, vəkillik peşəsinə son qoyulmaqla cəzalandırılıb. Zabil bəyin də vəkillik fəaliyyəti dayandırılmışdı. Ancaq bu dəfə iştah diş altındadır prinspi ilə çalışan repressiya maşını Zabil bəyin vəkillik peşəsinə son qoymaqla kifayətlənməyib, onu həm də şərləyərək həbs edib.
Zabil Qəhrəmanov Gəncə şəhəri və bütövlükdə ölkəmizin qərb bölgələrində rejimin hədəfində olan insanları müdafiə etməkdən çəkinməyən ən tanınmış və prinspial vəkildir və onun həbsi ölkənin bir hissəsini tam olaraq zülmətə qərq edəcək. İnsanlar daha da hüquqsuz olacaq.
Məhkəmə zamanı Z.Qəhrəmanov özü də ona qarşı irəli sürülmüş xuliqanlıq və dələduzluq ittihamlarını rədd edib. O bildirib ki, vəkil kimi, prinsipial fəaliyyətinə, Gəncə şəhər Baş Polis İdarəsində vətəndaşların başına açılan oyunları açıqladığına görə cəzalandırılıb.
Əliyev rejimi xalqımızın və beynəlxalq birliyin susqunluğundan istifadə edib, Azərbaycanın bütün demokratik potensialını məhv etmək, ölkəmizi gerçəkdən də Mərkəzi Asiya standartlarına uyğunlaşdırmaq istəyir. Bu prosesi durdura biləcək əsas qüvvə isə xalqımızın özü olmalıdır. Repressiya qurbanı olan hər bir ictimai-siyasi fəala xalqımız öz gerçək övladı kimi sahib çıxmalı, hər kəs şəxsən öz qapısının da döyülməsini gözləmədən repressiyanı, sifarişli həbsləri durdurmaq üçün səsini qaldırmalı, siyasi məhbuslara hamılıqla azadlıq tələb etməlidir!
AXCP sədri Əli Kərimli
400-ə yaxınlaşan siyasi məhbusları məhz milyonlarla azərbaycanlını daha hüquqsuz, daha çarəsiz etmək üçün həbs ediblər