Media Agentliyi "BBC Azərbaycanca”dan fəaliyyətini dayandırmasını tələb edir

Azərbaycan hökumətinin bu ilin əvvəlində bağlanması barədə qərar verdiyi “BBC”-nin  Azərbaycan nümayəndəliyinin əməkdaşları ölkədə fəaliyyətini davam etdirir. 

Bu barədə oktyabrın 29-da Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Agentlik bildirib ki, akkreditasiyası ləğv ediləndən sonra jurnalist fəaliyyətini davam etdirmək “qanunvericiliyin ciddi şəkildə pozulması” deməkdir.

Agentliyə “BBC Azərbaycanca”nın adı açıqlanmayan keçmiş əməkdaşlarının ölkədə jurnalist fəaliyyətini davam etdirməsi, müxtəlif qurumlara sorğular göndərməsi və araşdırmalar aparması ilə bağlı yayılan məlumatlar əsasında sorğu ünvanlayıb.

MEDİA isə cavabında qeyd edib ki, hazırda “BBC”nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti üçün heç bir hüquqi əsas yoxdur:

“Bu səbəbdən agentlik qanunsuz fəaliyyətin dayandırılmasını tələb etmək səlahiyyətinə malikdir.”

Həm agentlik keçmiş əməkdaşların hansı fəaliyyətlə məşğul olduqlarına dair əlavə məlumat verməyib.

1994-cü ildə yaradılan “BBC Azərbaycanсa” əvvəlcə radio formatında fəaliyyət göstərib, son illərdə isə fəaliyyətini əsasən onlayn media üzərindən davam etdirib.

2011-ci ildə Azərbaycan hökumətinin qərarı ilə xarici radiostansiyaların FM dalğasında yayımına qadağa qoyulduqdan sonra “BBC” Azərbaycan xidməti radio yayımını dayandıraraq onlayn fəaliyyətini genişləndirib.

Bu ilin fevralında “BBC Azərbaycanca” hökumətin göstərişi ilə ofisini bağlamaq məcburiyyətində qaldığını açıqlamış və bunu “mətbuat azadlığına qarşı məhdudlaşdırıcı addım” kimi qiymətləndirmişdi.