Fərid Mehralızadə beynəlxalq mətbuat azadlığı mükafatına layiq görülüb

ABŞ Milli Mətbuat Klubunun 2025-ci il üzrə Con Obyuşon Mətbuat Azadlığı Mükafatı ABŞ Qlobal Media Agentliyi (USAGM) ilə əlaqəli doqquz məhbus jurnalistə təqdim olunacaq. Agentliyin bu ilin əvvəlində ləğvindən sonra onlar hələ də həbsdədirlər.

AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də mükafatçılar arasındadır.

F.Mehralızadə hazırda "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə qarşı cinayət işi üzrə 9 il həbs cəzası çəkir. O, qaçaqmalçılıq və digər iqtisadi cinayətlərdə təqsirli bilinib. F.Mehralızadə və bu cinayət işi üzrə həbs olunmuş digər jurnalistlər ittihamları qəbul etmirlər, araşdırmaçı və tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Milli Mətbuat Klubunun direktorlar şurasının bəyanatında deyilir ki, mükafatın məqsədi həm də ABŞ hökumətinin söz azadlığı ideallarını təbliğ edən fəaliyyətlərinə görə həbs olunan reportyorları qoruya bilməməsinə diqqət çəkməkdir.

"Onların həbsi Amerikanın azadlığa sadiqliyinə inanan hər kəsi qəzəbləndirməlidir", - Klubun prezidenti Mayk Balzamo bildirib. "Bu reportyorlar Amerikanın şəffaflıq və söz azadlığı dəyərlərini təbliğ edirdilər, lakin unuduldular. Onları atıb getmək ölkəmizin nüfuzuna ləkədir və mətbuat azadlığını qorumaqdan geri çəkildiyimiz zaman nə baş verdiyinin xatırladıcısıdır".

USAGM əvvəllər Birləşmiş Ştatların dəstəyi ilə xaricdə fəaliyyət göstərən müstəqil media qurumlarını maliyyələşdirirdi. Tənqidçilərin sözlərinə görə, onun ləğvi onlarla jurnalisti repressiyalar qarşısında həssas vəziyyətdə qoyub və ABŞ hökumətini onların azadlığa buraxılmasına nail olmaq imkanından məhrum edib.

2025-ci ilin martında ABŞ prezidenti Donald Tramp büdcə xərclərinin optimallaşdırılması məqsədilə yeddi dövlət agentliyinin maliyyəsinin azaldılmasını nəzərdə tutan fərman imzalayıb. Bu qurumlar arasında USAGM də var idi.

2025-ci il üçün Obyuşon mükafatlarının təqdimatı dekabrın 9-da Vaşinqtonda olacaq.