Qarabağ məsələsində Paşinyan Sarkisyandan fərqlənmir

Ermənistanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan bu gün parlamentdə çıxış edib.

O, Dağlıq Qarabağ münaqişəsilə bağlı danışarkən Azərbaycanın Ermənistana hərbi təhlükə yaratdığını qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı hətta Yerevanı alacağı ilə hədələyir, o deyib.

“Biz hamımız anlamalıyıq ki, Azərbaycan rəhbərliyi İlham Əliyevin simasında hər bir imkandan istifadə edərək Dağlıq Qarabağ Respublikasını və Ermənistan Respublikasını hədələyir və hətta Ermənistan paytaxtının fəthindən danışır”.

“Biz ölkəmizi qorumaq gücündə olmalıyıq”, “Gücdən istifadə təhlükəsinin aradan qalxmasını təmin etməliyik” – o deyib.

“Azərbaycan gücdən istifadə ilə hədələyirsə, o zaman kompromisdən söz gedə bilməz”, o deyib.

“Yalnız danışıqlar xətrinə danışıqlar gedir. Münaqişənin həlli ilə bağlı mühit olmadıqca heç bir həll də olmayacaq.

Bu danışıqlar yalnız onda nəticə verə bilər ki, Azərbaycan beynəlxalq ictimaiyyətə aydın mesajlar göndərsin ki, beynəlxalq qanunlara hörmətlə yanaşır və bu kontekstdə konfliktin həllinə hazırdır”.

O, ATƏT-in Minsk qrupunda həmsədr ölkələrin Azərbaycanı “bu ritorikasını dayandırmaq üçün bütün güclərindən istifadə edərək qəti və təcili addımlar atacağını” gözlədiyini deyib.

“Bu prosesdə təkcə gücdən istifadə deyil, həm də gücdən istifadə ilə bağlı hədələr də edilməməlidir.

Gücdən istifadə ilə bağlı hədələr dayanmadıqdca biz bir millət kimi bütün qüvvələrimizi bir araya gətirərək ölkəmizi təcavüzdən qorumağa çalışmalıyıq”, o bildirib.

“Ermənistanın müdafiə büdcəsini artırmağa ehtiyacı var. Son 15 ildə Ermənistan hərbi xərclərini Azərbaycanınkı ilə balanslaşdırmağı bacarmayıb”, o deyib.

O, Ermənistanda yoxsulluqla bağlı danışarkən bildirib ki, xaricdəki erməni diasporasının üzvləri Ermənistana gələrək ölkəyə sərmayə yatırmaq istəyirlər, amma zəngin ermənilər indiyədək gəlib Ermənistanda investisiya yatırmayıblar.

“Çünki onlar 20 gün öncə bu ölkədə mövcud olan reallığı qəbul etmək istəmirdilər”.

O, əvvəlki hökuməti “saxta və yalançı” adlandırıb.

Nikol Paşinyan Serj Sargsyanın prezident vəzifəsini bitirdikdən sonra Baş nazir postuna keçməsinə qarşı etirazların və “məxməri inqilab”ın lideridir.

Yalnız Azərbaycan dünyaya gücdən istifadə etməyəcəyi barədə aydın mesaj verərsə, o zaman kompromisdən danışmaq olar, deyə Nikol Paşinyan onun Azərbaycana kompromisə gedib-getməyəcəyi barədə sualı cavablandırarkən deyib.

“Mən cəbhədə olmuşam. Dövlətimi qorumaq üçün silahdan istifadə etmişəm. Ermənistan və Qarabağı müdafiə etmək üçün”, o əlavə edib.

“Azərbaycan Ermənistan dövlətini hədələdiyi bir vəziyyətdə kompromisdən söhbət gedə bilməz. Əgər Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratənə həllə etmə hüququnu tanısa bu zaman hansısa kompramisdən söhbət gedə bilər”, o çıxışında deyib.

“Biz bütün problemləri və dialoq vasitəsilə həll etmək istəyirik, ölkə daxilində olan siyasi problemləri…”.

bbc azərbaycanca