Onun sözlərinə görə, avtoritar idarəetməni mənimsəmiş Azərbaycan hakimiyyəti beynəlxalq əlaqələrində normal diplomatik alətlərdən məhrumdur: "Yəni onun dövlətinin müsbət, demokratik imici yoxdur və avtoritar sistem olduğu üçün tənqidlərə məruz qalır. Bu halda konkret beynəlxalq təşkilatların Azərbaycan haqqında qəbul olunacaq qərarlarına təsir etmək üçün belə qaranlıq və iyrənc yollardan istifadə etməyə məhkum olur”.
O əlavə edib ki, Sovet tarixində belə hadisələr çox olub: "Onlar çox ölkə ilə razılaşmalarına bu cür murdar üsullardan istifadə etməklə nail olmağa çalışırdılar. Azərbaycan hakimiyyəti də avropalı deputatları rüşvət və qiymətli hədiyyələrlə əla almaq yolunu seçib. Digər tərəfdən də, onlar üçün təşkil etdikləri cinsi xidmət materialları ilə, daha sonra şantaj yoluyla öz xeyrinə qəbul olunacaq qərarları dəstəkləməyə vadar etməyi düşünür”.
Elman Fəttahın fikrincə, bu hadisə bütövlükdə Azərbaycan və Azərbaycan dövlətçiliyi üçün hətta neçə onilliklərdən sonra da tarixin ən utandırıcı səhifələrdən biri olacaq.
"Xalqı biabır edirlər"
Jurnalist Xədicə İsmayıl məsələyə münasibət bildirərkən deyib ki, aşkara çıxan faktların fəsadlarını tam olaraq qiymətləndirməkdə acizdir: "Bu günün nəticələri, yəni deputatlarla bağlı biabırçılıqlar hələ hekayənin sonu deyil. Hekayənin davamı belədir, bundan sonra Qarabağla bağlı kimsə nə isə deyəndə hamının yadına düşəcək ki, bu adamlar rüşvət verən, biabırçı adamlardır”.
Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə bağlı haqlı olaraq söz deyən adamlara da şübhə ilə yanaşılacaq: "Ona görə də bu, çox vacibdir ki, Qarabağ diplomatiyası ilə bağlı korrupsiya keçmişi olmayan adamlar məşğul olsun. Yəni Azərbaycan hökumətinin bir yolu var - özü etiraf eləsin ki, bəli, bu addımlar atılıb, yanlış olub. Bundan sonra Azərbaycan hökumətinin milli maraqlar naminə çıxış yolu ancaq budur”.
Hesabatda Ermənistanın da adının olması faktına toxunan jurnalist deyib ki, onların fahişə xidməti təklif etdikləri fakt yoxdur: "Ediblərsə də, üstü açılmayıb hələ. Ümid edirəm ki, varsa, açılar”.
X. İsmayıl hesab edir ki, reputasiyani düzəltmək haqqında düşünmək lazımdır: "Bunun yolu da üstü açılan hadisələri etiraf etməkdi, bir də olmayacaq deməkdir. Siyasi məhbusları buraxsınlar, demokratik problemləri həll etsinlər. Bunlar milli maraqlar naminə lazımdır. Qarabağla bağlı Azərbaycan hökuməti özünə müttəfiq tapa bilməyəcək”.
Jurnalist deyir ki, hətta araşdırmaları başlayanda özü də bu qədərini düşünməyib.
Hesabatın əvvəlində bütün bunların Avropa Şurasına əsaslı bir maneə yaratmadığı qeyd edilib.
Bu fikrə münasibət bildirən Xədicə İsmayıl deyib ki, bir neçə deputat artıq təsirin olması ilə bağlı fikir səsləndiriblər: "Hökumət bu praktikadan imtina etdiyini deməlidir. Lakin onların hərəkəti onu göstərir ki, xalqı, milli maraqları düşünmürlər. Xalqı biabır edirlər”.
Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov isə hesabatın müzakirəsi zamanı ''mənim ölkəmi rüşvətxorluqda günahlandırmağın özü belə korrupsiyadır'',- deyə etiraz edib.
Səməd Seyidov deyib: "Bizim öz demokratiya dəyərlərimiz var. Siz bir ay bundan əvvəl bu zalda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı qəbul etdiniz, onu alqışladınız. Ancaq bu gün xalq onun ölkənin Baş naziri olmasına etiraz etdi, istefaya getməsinə nail oldu".
Deputat Asim Mollazadə hesabatı islamafobiya ilə əlaqələndirib.
İclasda Avropa Şurası Baş katibi Yaqlanda sərt suallar ünvanlayaraq onu zamanında güclü mövqe ortaya qoymamaqda ittiham ediblər.
Yaqlandn isə bildirib ki, baş verənlərin onun üçün çox ciddi və Avropa Şurasının legitimliyi ilə bağlı məsələdir: "Əlimdən gələni edəcəm ki, ədalətli qərarlar qəbul olunsun”.
"Hansı mənbələrə əsasən bu qənaətə gəlirlər?"
Deputat Aydın Mirzəzadə deyir ki, bu təşkilatların Azərbaycanı hansısa məsələdə ittiham etməyə çalışması yanlışdır: "Bu hesabatda Azərbaycanla bağlı yazılanların nə sübutu var? Hansı mənbələrə əsasən bu qənaətə gəlirlər?”
Onun sözlərinə görə, bu, Azərbaycanın beynəlxalq nüfuzuna təsir etmir: "Azərbaycan demokratik ölkədir, hər bir insanın təhlükəsizliyi qorunur, sosial problemlər həll edilir. Kim iddia edir ki, bu ittihamlar doğrudur?”
Məsələni araşdıran istintaq qrupu belə bir qənaətə gəlib ki, qurumun Parlament Assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, "korrupsiya xarakterli” fəaliyyətə yol verib.
"Hökumətin bir yolu var: etiraf eləsin ki, bu addımlar atılıb"
Oxşar xəbərlər