Famil Xəlilov ev dustaqlığına buraxılıb

Famil Xəlilov serebral iflic xəstəsidir, hakimiyyəti tənqid edən statuslardan sonra narkotik ittihamı ilə həbs edilmişdi
Narkotiklərin qanunsuz dövriyyəsində ittiham edilən və serebral iflic xəstəsi olan ictimai fəal Famil Xəlilov dekabrın 3-də ev dustaqlığına buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı belə təkliflə çıxış edib. Vəkil Fariz Namazlı da məhkəmədən Famil Xəlilovun ev dustaqlığına buraxılmasını istəyib.
Hakim Azər Tağıyev müşavirədən sonra vəsatəti təmin edib və Famil Xəlilov ev dustaqlığına buraxılıb. Hakim qərarı onunla əsaslandırıb ki, Xəlilovun sağlamlığında problemlər var və məhkəmədən yayınmaq niyyəti yoxdur.
Famil Xəlilov keçmiş siyasi mühacirdir, ötən il İsveçdən readmissiya edilib. O, bundan sonra da sosial şəbəkə hesablarında Azərbaycan hökumətini tənqid edən fikirlər paylaşıb.
Xəlilov bu ilin may ayında evində polis basqını ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
 
 
 
AbzasMedia