Hacı Abgül Süleymanov 30 sutka inzibati cəza alıb

Təhsil ocaqlarında hicabın məhdudlaşdırılmasına etiraz edən ilahiyyatçı Hacı Abgül Süleymanov 30 sutka inzibati cəzaya məhkum edilib.

Bu barədə ilahiyyatçının yaxınları sosial şəbəkələrdə məlumat yayıb. Bildirilir ki, Bakı Şəhəri Baş Polis İdarəsində saxlanılan Abgül Süleymanov polisə itaətsizlik maddəsi ilə ittiham olunaraq 30 sutka inzibati həbs cəzası alıb.

Xatırladaq ki, orta məktəblərdə geyim standartları ilə bağlı qəbul edilən yeni qaydalar inanclı şəxslər arasında narahatlıq yaradıb. Qaydalarda təhsilalanlar üçün müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmədiyi bildirilir.

Qərarın ictimaiyyətə açıqlanmasından sonra Hacı Abgül Süleymanov sosial media hesabında məsələ ilə bağlı paylaşım edib. O, qərarın hicabın məhdudlaşdırılmasına yönəldiyini bildirərək buna etirazını ifadə edib.

Məlumata görə, ilahiyyatçının saxlanılması məhz həmin paylaşımın ardından baş verib.

Qeyd edək ki, Hacı Abgül Süleymanov daha əvvəl də hicab məsələsi ilə bağlı mövqeyi və çıxışları ilə tanınıb. O, 2011-ci ildə həbs olunub, 11 illik həbs müddətini başa vurduqdan sonra 2022-ci ildə azadlığa çıxıb.