İnanclı xanımların cəzalanmasına səbəb...

Artıq 400 gündən çoxdur ki, həbs həyatı yaşayan 6 inanclı xanımın məhkəməsi bu həftə də davam edəcək. Ötən il İmam Hüseynin (ə) 40 mərasimi günü – Ərbəində ehsan payladıqları üçün saxlanılan xanımların hələ də qəribə bir labirintə düşən məhkəmələri davam etdirilir. Bəllidir ki, bunlar hakimiyyətin nəzarət və idarəçilik çətiri altında məcburi qalmalı olan dini sistemin rejimin istəyinin əksinə olaraq fərqli yöndə təqdim edilməsinə görə onun ciddi cəza sistemini işə salıb.

Burada maraqlı fakt təkcə Ərbəin günü küçədə ehsan paylanılması kimi bir addımın hakimiyyətin hədəfinə çevrilməsi deyil, istənilən halda onun diqtəsindən kənar mövcudluğun ciddi şəkildə cəzalandırılmasıdır. Buna sübut həbs edilən qadınlardan bəzilərinin nəinki həmin gün orada, ehsan paylayanlar arasında olmaması, hətta ümumiyyətlə bu mərasimdən çox-çox uzaqda, iş yerində olmasıdır. Lakin rejim son illərdə məscidlərdən başlayan “itaətkar” dini mühitə etiraz göstərən şəxslərin cəzalandırılması mexanizmini adı çəkilən 6 inanclı xanımın da üzərində tətbiq etdi.

İslamofobiyanı “ciddi tənqid hədəfinə” alanların müstəqil inanc sərhədlərinə hücumu artıq bir ildən çoxdur ki, xanımların həbsdə saxlanılmasına səbəb olub. Əlbəttə, bu addım təkcə saxlanılan və bu gün məhkəmə önünə çıxarılan xanımların azad dini düşüncələrinin məhdudlaşdırılmasına hesablanmış addım kimi dəyərləndirilməməlidir. Bu, eyni zamanda, dini rejimin tələblərini icra etməkdən boyun qaçıran digər şəxslərə də xəbərdarlıq olaraq görülməlidir.

Sistem əgər Ramazanın 30-cu gününü bayram elan edərsə, hətta ağzı oruc olan “inanclılar” bayram namazına qatılmalı və bununla da dinin sərhədlərini hakimiyyətin müəyyən etməsini öz əməlləri ilə təsdiq etməlidirlər. Bu, Qurban bayramı və Aşura kimi İslam təqvimində müəyyən olunan günlərin irəli və geri çəkilməsi səlahiyyətində də eynidir. Buna hər hansı etiraz göstərən ruhani (Habil İsgəndərli) məsciddən qovulur, açıq etiraz göstərənlər isə (6 inanclı xanım kimi) həbsə salınır.