Nyu-Yorkda Netanyahuya qarşı etiraz aksiyası

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı etirazlar küçələrə daşdı. Minlərlə Fələstin tərəfdarı Manhettendə toplaşaraq BMT-nin mənzil-qərargahına doğru yürüş etdi və İsrailin Qəzzaya hücumlarına, eləcə də Netanyahunun Nyu-Yorkda olmasına etirazını bildirdi.

Brayant Parkda minlərlə insan toplaşdı və Fələstin bayraqları, Netanyahu əleyhinə şüarlar yazılmış plakatlarla yürüşə başladı. Güclü təhlükəsizlik tədbirləri fonunda nümayişçilər BMT-nin mənzil-qərargahının yaxınlığına doğru irəlilədilər.

Yürüş boyunca "Azad Fələstin", "Nyu-Yorkda müharibə cinayətkarı Netanyahu istəmirik" və "Qatil Netanyahu" kimi şüarlar səsləndirən nümayişçilər, əllərindəki plakatlar vasitəsilə İsrailin Baş nazirinə qarşı mövqelərini ifadə etdilər. İzdiham Brayant Parkından yola düşərək, BMT-nin Baş Qərargahı yaxınlığındakı 1-ci Avenyu və 47-ci Küçə ərazisinə çatmaq üçün Manhetten küçələri ilə irəliləyib.

Netanyahunun BMT-dəki çıxışından əvvəl və çıxışı zamanı Nyu-Yorkun müxtəlif yerlərində də etiraz aksiyaları keçirilib. "The Guardian" qəzetinin məlumatına görə, BMT binası yaxınlığındakı başqa bir etiraz aksiyasında yüzlərlə insan – o cümlədən fələstinli, yəhudi, iranlı və livanlı Nyu-York sakinləri – iştirak edib. Bəzi etirazçılar yolları bağlayıb və polisin müdaxiləsi nəticəsində həbslər həyata keçirilib.

BMT Baş Assambleyasının 81-ci sessiyası üçün dünya liderlərinin toplaşdığı Nyu-Yorkda genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb. Xüsusilə BMT-nin Baş Qərargahı və ətraf ərazidə təhlükəsizlik tədbirlərini gücləndirən polis qüvvələri etirazçıların binaya yaxınlaşmasına imkan vermədi. Etirazçılar təhlükəsizlik sədləri ilə ayrılmış ərazidə Netanyahu əleyhinə şüarlar səsləndirərək aksiyalarını davam etdiriblər.

Fələstin tərəfdarlarının təşkil etdiyi etiraz aksiyası zamanı İsrail tərəfdarı olan kiçik bir qrupun da əks-nümayiş keçirməyə cəhd etdiyi müşahidə olunub.

Minlərlə iştirakçının qatıldığı və Brayant Parkından başlayaraq BMT-nin Baş Qərargahının yaxınlığına qədər davam edən Netanyahu əleyhinə yürüş ciddi təhlükəsizlik tədbirləri şəraitində başa çatıb.