Avropa Komissiyası Rusiyanın G20 görüşlərində iştirak hüququnu təsdiqləyib

Rusiya "Böyük İyirmiliy"in (G20) üzvü kimi qrupun görüşlərində iştirak etmək hüququna malikdir.

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olaf Qill Brüsseldə keçirilən brifinqdə Rusiya Prezidenti Vladimir Putinin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət edilməsini şərh edərkən bildirib.

"Rusiya G20-nin üzvü olaraq qalır. Buna görə də G20-nin görüşlərində iştirak etmək hüququna malikdir", - o bildirib.

Bununla belə, o qeyd edib ki, Aİ Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləmək və müharibəyə son qoymağa çağırmaq məqsədilə G20 görüşlərindən istifadə etməyə davam edəcək.

Daha əvvəl ABŞ Rusiyanı G20 sammitində iştirak etməyə dəvət etmişdi.