Tofiq Yaqublunun 17 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərlə üzləşdiyi bildirilir

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun 17 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərlə üzləşdiyi bildirilir.

Bu barədə sentyabrın 21-də onun qızı Nigar Həzi məlumat verib.

Onun sözlərinə görə, Yaqublu dörd həftədir həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək istəyir, lakin buna imkan yaradılmır.

“17 saylı Cəzaçəkmə Müəssisəsində Tofiq Yaqublunun həyatını dözülməz həddə çatdırıblar. Təzyiqlər getdikcə artır. Dörd həftədir ki, həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək istəyir, ancaq hər dəfə bir bəhanə gətirirlər. Gah deyirlər ki, bu işə Ədliyyə Nazirliyi baxır, gah da Penitensiar Xidmət. Hələ də anam etibarnaməni ala bilməyib”, - Nigar Həzi bildirib.

O, yaranmış problemin qısa müddətdə aradan qaldırılacağına ümid etdiyini deyib.

Penitensiar Xidmət iddialara münasibət bildirməyib.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il martın 10-da onu dələduzluq və saxta sənəd hazırlama ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

İttihamları qəbul etməyən siyasətçi hökmə etiraz olaraq 40 gün aclıq aksiyası keçirib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Yaqublu cinayət işinin siyasi sifariş əsasında saxtalaşdırıldığını bildirir. Hakimiyyətin uzun illərdir tənqidçilərindən olan siyasətçi müxtəlif dövrlərdə bir neçə dəfə həbs edilib. Bir sıra beynəlxalq təşkilatlar onun həbsini siyasi motivli hesab etdiklərini bildiriblər.