Hicab qadağası: Allahın əmrinə, insanın hüququna və vicdan azadlığına müdaxilə

Son günlər Azərbaycanda məktəblərdə hicablı şagird qızların geyimi ətrafında yaranmış müzakirələr cəmiyyətin diqqətini mühüm bir məsələyə yönəldib. Söhbət yalnız bir geyim formasından getmir. Burada söhbət insanın etiqadından, vicdanından, dini inancını yaşamaq hüququndan və ən əsası, uşaqların təhsil hüququ ilə dini etiqad azadlığının necə uzlaşdırılmasından gedir.

Mən bir ilahiyyatçı olaraq bu məsələyə ilk növbədə Quranın və İslamın prinsipləri baxımından yanaşıram.

Qurani-Kərimdə “Nur” surəsinin 31-ci ayəsində mömin qadınlara örtünmə və zinətlərini yad kişilər qarşısında nümayiş etdirməməklə bağlı açıq göstəriş verilir. Ayədə mömin qadınlara örtüklərini sinələrinin üzərinə salmaları əmr olunur. İslam dininə görə, bu ayə hicabın dini əsaslarından biri kimi qəbul edilir.

Bu baxımdan hicab müsəlman qadın üçün sadəcə geyim seçimi deyil. Allah-Təalanın əmrinə itaətin bir ifadəsidir. Quranın əmr etdiyi bir ibadət və dini öhdəlik barədə “bunu edə bilməzsən” demək isə məsələyə sadəcə məktəb forması və ya geyim intizamı prizmasından yanaşmaq deyil.

Mömin insanın nəzərində Allahın əmrinin qarşısına qoyulan qadağa son dərəcə ciddi məsələdir. Əgər bir insan Allahın əmrinə görə hicab taxırsa və buna görə təhsil aldığı məktəbdə ona maneə yaradılırsa, bu, həmin insanın vicdanı ilə hakimiyyət arasında qarşıdurma yaradır. Dini baxımdan isə Allahın hökmünə qarşı çıxmaq və Onun əmrini yerinə yetirmək istəyən möminə mane olmaq Allah-Təala ilə düşmənçiliyin göstəricisidir.

Burada mühüm bir məqamı da xüsusi qeyd etmək lazımdır: dünyəvilik dini inancın düşmənçiliyi demək deyil. Dünyəvi dövlətin vəzifəsi vətəndaşın hansı dinə inanmalı olduğunu müəyyən etmək deyil. Əksinə, dövlət müxtəlif inanclara sahib insanların eyni hüquqlarla yaşamasına şərait yaratmalıdır. Dünyəvilik dövlətin dini neytrallığını ifadə edə bilər, lakin vətəndaşın dini etiqadını özəl həyatının bütün sahələrindən çıxarması tələbi kimi başa düşülməməlidir.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi hamının qanun və məhkəmə qarşısında bərabərliyini təsbit edir və dini mənsubiyyətə görə hüquq və azadlıqların məhdudlaşdırılmasını qadağan edir. Konstitusiyanın 48-ci maddəsi isə hər kəsin vicdan azadlığını, dinə münasibətini müəyyənləşdirmək, dini etiqadını ifadə etmək və dini mərasimləri yerinə yetirmək hüququnu tanıyır.

Daha mühüm olan isə budur ki, Konstitusiyanın 42-ci maddəsi hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir.

Bu maddələr birlikdə nəzərdən keçirildikdə, ortaya çox ciddi hüquqi sual çıxır: dövlət məktəbində təhsil alan bir qızın dini inancının zahiri ifadəsi onun təhsil almaq hüququnun qarşısına niyə qoyulmalıdır?

Əlbəttə, məktəblərdə müəyyən geyim qaydalarının müəyyən edilməsi dövlətin və təhsil müəssisələrinin səlahiyyətləri daxilində ola bilər. Lakin həmin qaydaların tətbiqi zamanı Konstitusiyada təsbit olunmuş bərabərlik, vicdan azadlığı və təhsil hüquqları da nəzərə alınmalıdır. Bu məsələnin hüquqi qiymətləndirilməsində konkret qaydanın məzmunu, tətbiq üsulu və ayrı-ayrı şagirdlərə faktiki təsiri xüsusi əhəmiyyət daşıyır.

Məsələ yalnız Azərbaycan qanunvericiliyi ilə də məhdudlaşmır.

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq insan hüquqları sistemi də din və vicdan azadlığını qoruyur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsi hər bir insanın fikir, vicdan və din azadlığı hüququnu, öz dinini və ya etiqadını ibadət, təlim, praktika və ayinlər vasitəsilə, açıq və ya fərdi şəkildə ifadə etmək imkanını tanıyır.

BMT-nin İnsan Hüquqları Komitəsi də din və ya etiqadın ifadə formalarının yalnız ibadət və mərasimlərlə məhdudlaşmadığını, dini geyim və baş örtüyünün də dini etiqadın praktiki ifadəsi ola biləcəyini açıq şəkildə qeyd edib. Eyni zamanda belə hüquqlara qoyulan məhdudiyyətlərin qanuni əsasının, zəruriliyinin və mütənasibliyinin qiymətləndirilməli olduğunu vurğulayıb.

Uşaq hüquqları məsələsində isə daha həssas yanaşma tələb olunur.

 

İlahiyyatçı Toğrul Nuriyev

 

Ardı var