Samir Aşurovun təcridxanasında fiziki təzyiqə məruz qaldığı bildirilir

Almaniyadan Azərbaycana deportasiya ediləndən sonra həbs olunan siyasi fəal Samir Aşurovun saxlanıldığı 1 saylı Kürdəxanı Təcridxanasında fiziki təzyiqə məruz qaldığı bildirilir.

Bu barədə fəalın yaxınları sentyabrın 23-də sosial media hesablarında məlumat yayıblar.

Yaxınlarının sözlərinə görə, hadisə Aşurovun təcridxana zabitinə adı ilə müraciət etməsindən sonra baş verib.

“Samir Aşurova ‘Mənə müəllim deyə müraciət etməlisən’ deyilib. Zabit Bəhram Bəhramlının Samir Aşurovun əllərini arxadan qandallayaraq onu şillə və təpiklə döydüyü, eyni zamanda nalayiq söyüşlərlə təhqir etdiyi bildirilir”, - yaxınları qeyd edib.

İddiaya görə, Samir Aşurov bu barədə şikayət edəcəyini deyəndə zabit onun bədəninə yumruq və təpiklə zərbələr endirib.

“Samir Aşurov ürək xəstəsidir. Onun başına hər hansı bir hadisə gələrsə, buna görə siz məsuliyyət daşıyacaqsınız”, - yaxınları bildirib.

“Toplum TV” məsələ ilə bağlı Penitensiar Xidmətə sorğu göndərib. Cavab olduqda xəbərə əlavə ediləcək.

Samir Aşurov 2023-cü il martın 29-da Almaniyadan deportasiya olunub, 20 gün sonra isə saxlanılıb. O, bir şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunub.

2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Aşurovu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyanın tətbiqi ilə xuliqanlıq törətmə) maddələri ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Fəal ittihamları rədd edir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.