Əbdülməlik əl-Husi Səudiyyənin Kəbə örtüyünü Epşteynə hədiyyə etməsini xatırlatdı

Yəməndəki “Ənsarullah” (Husilər) həərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi 21 Sentyabr inqilabının 12-ci ildönümü münasibətilə etdiyi çıxışında Səudiyyə Ərəbistanı rejiminin ünvanına kəskin sözlər səsləndirib.

Əl-Husi Yəmən xalqının Məkkəyə, Mədinəyə, Məscidül-Əqsaya və bütün İslam müqəddəslərinə dərin ehtiram bəslədiyini bildirərək deyib: “Məkkəyə və Kəbəyə ən sadiq olan, onları müdafiə etməyə ən çox haqqı çatan xalq Yəmən xalqıdır. Səudiyyə rejiminin isə bu müqəddəsliklər üzərində heç bir özəlliyi yoxdur, əksinə, onlar bu dəyərlərdən ən uzaq olanlardır”.

“Kəbə örtüyünü Ceffri Epşteynə hədiyyə ediblər”

Daha öncə dünya mediasında yayılan Kəbə örtüyülə bağlı sensasiyalı xəbəri xatırladan Əbdülməlik əl-Husi Səudiyyə rəhbərliyinin Kəbə örtüyünün bir hissəsini amerikalı maliyyəçi Ceffri Epşteynə hədiyyə etdiyini deyib;  bunun da məqsədi onun (örtüyün) bir hissəsini başmaqları ilə tapdalayacağı bir xalçaya çevirmək, bir hissəsini isə şeytani ayinlərdə təhqir etmək idi.

“Səudiyyə rejimi müqəddəs məkanlardan kommersiya məqsədilə istifadə edir”

Husi lideri Ər-Riyadı Həcc və Ümrə ziyarətlərini ticarət obyektinə çevirməkdə təqsirləndirib: “Səudiyyə rejimi Məkkə və müqəddəs ziyarətgahlara biznes prizmasından yanaşır. Müsəlmanların Həcc və Ümrə etməsi üçün nəhəng məbləğlər tələb edir, müqəddəs məkanların dini nüfuzundan ABŞ, İsrail və Böyük Britaniyanın maraqlarına xidmət etmək üçün siyasi təsir vasitəsi kimi istifadə edir”.

Tarixi cinayətlər və “Tənümə qətliamı”

Səudiyyə Ərəbistanının tarixən törətdiyi qətliamlara toxunan Husi lideri “Tənümə qətliamı”nı xüsusi qeyd edib: “Səudiyyə rejiminin Məkkə və Tayifdə törətdiyi kütləvi qətliamlar, qadın və uşaqların qətlə yetirilməsi faktları tarixdə qalır. Tənümə qətliamında eyni vaxtda və eyni yerdə silahsız 3 min yəmənli zəvvar qətlə yetirilib. Səudiyyə rejimi bu dəhşətli cinayətin məsuliyyətini hələ də daşıyır”.

Əbdülməlik əl-Husi sonda vurğulayıb ki, Quran ayələrinə əsasən Müqəddəs Məkanlar üzərində həqiqi hamilik dindarların haqqıdır, əxlaqsızlığı təşviq edənlərin və düşmənlərlə əməkdaşlıq edənlərin yox.